Yusuf Tekinay: KKTC-nin müşahidəçi üzv kimi türk dünyasının platformalarında təmsil olunması yalnız diplomatik uğur deyil, eyni zamanda Kıbrıs türk xalqının beynəlxalq görünürlüğü baxımından da mühüm addımdır
BAYRAQDAR MEDİA – “Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Türk Dövlətləri Təşkilatı daxilində (TDT) yer alması bizim üçün son dərəcə önəmlidir. KKTC-nin müşahidəçi üzv kimi Türk dünyasının platformalarında təmsil olunması yalnız diplomatik uğur deyil, eyni zamanda Kıbrıs türk xalqının beynəlxalq görünürlüğü baxımından da mühüm addımdır”.
Bunu BAYRAQDAR MEDİA-ya müsahibəsində Kuzey Kıbrıs Genç İş İnsanları Derneğinin (GİAD) başqanı Yusuf Tekinay deyib. Xatırladaq ki, müsabiqəni yaxın günlərdə oxuculara təqdim edəcəyik.
Y.Tekinay bildirib ki, bu təmsilçiliyin daha da güclənməsi üçün davamlı, planlı və çoxtərəfli fəaliyyət həyata keçirilməlidir: “İlk növbədə, KKTC-nin TDT çərçivəsində keçirilən toplantılarda, forumlarda, gənclik proqramlarında, iş dünyası görüşlərində, universitet və mədəniyyət tədbirlərində daha fəal və sistemli şəkildə iştirak etməsi vacibdir. Digər tərəfdən, KKTC ilə Türk dünyası ölkələri arasında vətəndaş cəmiyyəti, gənclər və biznes sahəsində konkret layihələrin sayı artırılmalıdır. Biz yalnız protokol səviyyəsində münasibətlərlə kifayətlənməməli, real nəticələr verən əməkdaşlıqlara üstünlük verməliyik. Gənc sahibkar proqramları, qadın sahibkarlığı təşəbbüsləri, universitetlərarası əməkdaşlıq, turizm və təhsil sahəsində ortaq tanıtım layihələri bu istiqamətdə mühüm rol oynaya bilər”.
GİAD başqanının qənaətinə görə, eyni zamanda, KKTC-nin Türk dünyasına daha yaxından tanıdılması da vacibdir: “Kıbrıs türk xalqının tarixi, mübarizəsi, iqtisadi potensialı, təhsil imkanları, turizm imkanları və Şərqi Aralıq dənizindəki strateji mövqeyi daha təsirli formada təqdim olunmalıdır. Bu məsələdə qeyri-hökumət təşkilatlarının üzərinə də mühüm vəzifə düşür. Biz vətəndaş cəmiyyəti olaraq dövlətimizin diplomatik fəaliyyətini tamamlayan ictimai diplomatiya missiyasını həyata keçirməliyik. Bəzən bir iş adamının qurduğu əlaqə, bir tələbənin iştirak etdiyi proqram və ya bir QHT-nin həyata keçirdiyi layihə rəsmi diplomatiya qədər təsirli nəticələr verə bilir. Məncə, KKTC-nin TDT daxilində rolunun güclənməsi üçün əsas yanaşma belə olmalıdır: biz yalnız dəvət olunan tərəf deyil, eyni zamanda təşəbbüs göstərən, layihə irəli sürən, fikir formalaşdıran və türk dünyasının ortaq gündəminə töhfə verən aktiv bir tərəf olmalıyıq”.






İlk şərhi yaza bilərsiniz