WUF13 çərçivəsində daha bir tədbir keçiriləcək
BAYRAQDAR MEDİA – Bakıda keçirilən Dünya Şəhərsalma Forumu – World Urban Forum 13 (WUF13) çərçivəsində “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” (“United for Inclusive Cities: Leveraging UN Initiatives for Urban Resilience”) mövzusunda yan tədbir təşkil olunacaq. Tədbir mayın 20-də “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşlığı ilə Baku Olympic Stadium ərazisində yerləşən Urban Expo-nun A39 pavilyonunda keçiriləcək.
Bu barədə İctimai Birliyin məlumatında qeyd edilib.
Bildirilib ki, yan tədbirin əsas məqsədi inklüziv, təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması istiqamətində BMT təşəbbüslərinin, Dayanıqlı İnkişaf Məqsədlərinin və yerli təcrübələrin rolunu müzakirə etmək, dövlət qurumları, parlament nümayəndələri, vətəndaş cəmiyyəti institutları və ekspertlər arasında əməkdaşlıq imkanlarını dəyərləndirməkdir.
Tədbirin moderatoru “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə olacaq.
Tədbirdə Milli Məclisin deputatları Vüqar İskəndərov, Pərvanə Vəliyeva, Vüqar Rəhimzadə, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimov və Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əyyub Kərimli çıxış edəcəklər.
Müzakirələr zamanı şəhər dayanıqlılığı, sosial inklüzivlik, ictimai iştirakçılıq, maliyyə mexanizmləri və BMT təşəbbüslərinin yerli səviyyədə tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbir saat 14:30-da başlayacaq.






İlk şərhi yaza bilərsiniz