Son yeniləmə: 26 May 2026
BAYRAQDAR MEDİA – Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində ənənəvi III Kəlağayı Festivalı keçirilib. Festival Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Bakı şəhəri Xətai rayonu üzrə nümayəndəliyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Bu barədə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənəyə çevrilən festivalın əsas məqsədi Azərbaycan xalq tətbiqi sənətinin nadir incilərindən olan milli kəlağayı sənətinin təbliği, qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsidir: “Bu il festival ölkədə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunaraq milli irsin şəhər mədəniyyəti və şəhərsalma mühiti ilə vəhdətini nümayiş etdirib. Festival çərçivəsində qədim kəlağayı nümunələri, milli baş geyimləri və zəngin eksponatlardan ibarət sərgi təşkil olunub. Ziyarətçilər həmçinin sənətkar Güllü Eldar Tomarlının dekorativ-tətbiqi sənətə aid əl işləri və rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri ilə tanış olublar”.

Tədbirdə eyni zamanda Qərbi Azərbaycan guşəsində xalçaçılıq, kəlağayı nümunələri və milli şirniyyatlar nümayiş etdirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin ( Ombudsmanın) Aparatının əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, şair-publisist, Prezident mükafatçısı Azadə Novruzova, millət vəkilləri Əli Hüseynli, Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rəsmi hissədən sonra tədbir zəngin konsert proqramı ilə davam edib. Festivalın bədii hissəsində aşıq sənəti, muğam, xalq musiqisi, poeziya və milli rəqs nümunələri təqdim olunub.






İlk şərhi yaza bilərsiniz