Pamukkale Universitetində Türkmənistanın Müstəqilliyinin 35 illiyi qeyd olunub
BAYRAQDAR MEDİA– Türkiyənin Pamukkale Universitetində Türkmənistanın Müstəqilliyinin 35 illiyi qeyd olunub. Türkmənistanın Ankaradakı səfiri Mekan İşangulıyevin iştirakı ilə keçirilən proqramda iki ölkə arasında akademik, mədəni və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Pamukkale Universitetindən məlumat verilib.

Bildirilib ki, Pamukkale Universitetinin Rektorluğu, Türkmənistanın Ankaradakı Səfirliyi, EkoAvrasiya Vəqfi və TÜRSİT-in birgə təşkilatçılığı ilə keçirilən proqramda Türkmənistanın müstəqilliyinin 35 illiyi müxtəlif aspektlərdən dəyərləndirilib, həmçinin Türkiyə ilə Türkmənistan arasında akademik, mədəni və iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Türkmənistanın səfiri Pamukkale Universitetində olub
Tədbir çərçivəsində Türkmənistanın Ankaradakı səfiri Mekan İşangulıyev və onu müşayiət edən nümayəndə heyəti Pamukkale Universitetinə gəlib. Nümayəndə heyətini Pamukkale Universitetinin rektoru professor doktor Mahmut Güngör qarşılayıb.
Məlumatda deyilir ki, qarşılama mərasimindən sonra Rektorluq binasının giriş mərtəbəsində Türkmənistana həsr olunmuş foto və vizual materiallardan ibarət sərginin açılışı keçirilib. Sərgini ziyarət edən səfir Mekan İşangulıyev nümayiş etdirilən materiallar əsasında Türkmənistanın tarixi, mədəniyyəti və son dövrdəki inkişafı haqqında məlumat verib. Xatirə fotosu çəkildikdən sonra proqram Rektorluğun İdarə Heyətinin iclas zalında davam etdirilib.
Rektor Mahmut Güngör: Bu razılaşmanın həyata keçirilməsi tələbə və müəllim mübadiləsinin təşkilinə imkan yaradacaq
Proqramın açılış nitqini söyləyən Pamukkale Universitetinin rektoru professor doktor Mahmut Güngör universitetin təhsil, elmi tədqiqat və beynəlmiləlləşmə istiqamətində həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib.
M.Güngör bildirib ki, Pamukkale Universiteti ilə Türkmənistandakı Məhtumqulu Dövlət Universiteti arasında ikitərəfli əməkdaşlıq protokolu imzalanıb və hazırda qarşı tərəfdən cavab gözlənilir. O qeyd edib ki, bu razılaşmanın həyata keçirilməsi tələbə və müəllim mübadiləsinin təşkilinə imkan yaradacaq və bu da Türkiyə ilə Türkmənistan arasında akademik və mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcək. Rektor bu istiqamətdə səfir Mekan İşangulıyevin dəstəyini xahiş edib.

Proqram Pamukkale Universitetinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün müəllimi professor doktor Soner Sağlamın moderatorluğu ilə davam edib.
Səfir Mekan İşangulıyev: İki qardaş ölkə arasında iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq ildən-ilə daha da inkişaf edir
İclasın ilk məruzəçisi olan Türkmənistanın Ankaradakı səfiri Mekan İşangulıyev Türkmənistanın müstəqilliyinin 35 illik inkişaf yolundan danışıb.
O xatırladıb ki, Türkiyə Türkmənistanın müstəqilliyini tanıyan ilk ölkə olub. Səfir bildirib ki, iki qardaş ölkə arasında iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq ildən-ilə daha da inkişaf edir. Pamukkale Universitetində xüsusilə türkologiya sahəsində türkmən dili, mədəniyyəti və ədəbiyyatı üzrə aparılan elmi araşdırmalardan məmnunluğunu ifadə edən İşangulıyev bu cür akademik fəaliyyətlərin daha da genişlənməsi üçün hər cür dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb.
Daha sonra çıxış edən EkoAvrasiya Vəqfinin sədri doktor Hikmet Eren türk dünyasının inteqrasiya prosesində vətəndaş cəmiyyəti təşkilatlarının üzərinə düşən mühüm rola diqqət çəkib. Türk dünyasında ortaq mədəniyyət və ortaq dəyərlər ətrafında formalaşan əməkdaşlığın əhəmiyyətindən danışan Eren tədbirə ev sahibliyi edən Pamukkale Universitetinə təşəkkürünü bildirib.
Kemal Kurnaz: Türkiyənin türk dünyası ilə münasibətlərində vətəndaş cəmiyyəti təşkilatları mühüm vəzifələr yerinə yetirdiyi
TÜRSİT-in sədri Kemal Kurnaz isə çıxışında Türkiyənin türk dünyası ilə münasibətlərində vətəndaş cəmiyyəti təşkilatlarının mühüm vəzifələr yerinə yetirdiyini qeyd edib. O bildirib ki, Türkmənistanın həyata keçirdiyi neytrallıq siyasəti ölkəni regionda sülh və təhlükəsizliyin simvollarından birinə çevirib. Kemal Kurnaz vurğulayıb ki, TÜRSİT olaraq Türkiyə ilə Türkmənistan arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.
EkoAvrasiya Vəqfinin sədr müavini və Final Məktəbləri Sümer filialının İdarə Heyətinin sədri Mahmut Catlık da çıxışına Türkmənistanın müstəqilliyinin 35 illiyini təbrik etməklə başlayıb. O, Denizlinin iqtisadi potensialı və investisiya imkanları barədə məlumat verərək bildirib ki, şəhər Ahilik ənənəsinin mühüm mərkəzlərindən biridir və burada sahibkarlıq mədəniyyəti güclü şəkildə yaşamaqdadır. Catlık həmçinin Türkmənistan nümayəndə heyətinin Denizli iş dünyası ilə keçirdiyi görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün müəllimi professor doktor Berdi Sarıyev isə çıxışında 2026-cı ilin Türkmənistanda “At ili” elan edildiyini bildirərək atın türkmən mədəniyyəti və sivilizasiyasındakı yeri haqqında məlumat verib.
Berdi Sarıyev: Pamukkale Universitetində belə bir proqramın təşkil edilməsi xüsusi məna kəsb edir
O, türkmən atalar sözlərindən və şeirlərindən nümunələr təqdim edərək atın türkmən xalqının düşüncə dünyasında xüsusi yer tutduğunu qeyd edib.
Professor Sarıyev həmçinin toplantının keçirildiyi günün Türkmənistanda “Elmlər Günü” kimi qeyd olunduğunu, elm adamlarının mükafatlandırıldığı bu əlamətdar gündə Türkiyənin mühüm elm mərkəzlərindən biri olan Pamukkale Universitetində belə bir proqramın təşkil edilməsinin xüsusi məna kəsb etdiyini vurğulayıb.
Soner Sağlam: Pamukkale Universiteti Türkiyədə Türkmənistanın dili, mədəniyyəti və ədəbiyyatı sahəsində ən çox elmi araşdırma və tədbir həyata keçirən ali təhsil müəssisələri sırasındadır
Proqramın son məruzəçisi professor doktor Soner Sağlam isə Pamukkale Universitetində türkmən dili, mədəniyyəti və ədəbiyyatı sahəsində həyata keçirilən akademik fəaliyyətlər barədə məlumat verib.
O, universitetdə təşkil olunan panel, simpozium, seminar və elmi nəşrlərdən bəhs edərək bildirib ki, Pamukkale Universiteti Türkiyədə Türkmənistanın dili, mədəniyyəti və ədəbiyyatı sahəsində ən çox elmi araşdırma və tədbir həyata keçirən ali təhsil müəssisələri sırasında yer alır.

Proqramın sonunda Pamukkale Universitetinin rektoru professor doktor Mahmut Güngör tərəfindən çıxışçılara təşəkkür sertifikatları təqdim edilib.
Daha sonra qurumlar arasında qarşılıqlı hədiyyə mübadiləsi həyata keçirilib.
Türkmənistanın müstəqilliyinin 35 illiyi münasibətilə təşkil olunan proqram iştirakçıların birgə xatirə fotosu çəkdirməsindən sonra başa çatıb.






İlk şərhi yaza bilərsiniz