BAYRAQDAR MEDİA – “Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “iclas “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunub. Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, aqrar sektor nümayəndələri, sahibkarlar, ekspertlər və digər maraqlı tərəflər iştirak ediblər. İctimai Birliyin sədri Niyazi Əmirbəyov ölkənin aqrar sektorunda həyata keçirilən islahatların və qəbul edilmiş yeni Dövlət Proqramının əhəmiyyətindən danışıb. Bildirib ki, proqram kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində istehsalın və emal sənayesinin inkişafına, rəqabət qabiliyyətinin artırılmasına, ixrac potensialının genişləndirilməsinə və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək”.
Sonra xəbərdə, “Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dövlət Proqramının hazırlanmasının əhəmiyyəti və aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, Prezident tərəfindən keçirilmiş müşavirədə səsləndirilən fikirlərə də toxunaraq qeyd edib ki, ölkənin aqrar sektoru mövcud potensialından tam istifadə etmir və bu potensialın reallaşdırılması üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin kənd təsərrüfatının dayanıqlı inkişafına, məhsuldarlığın artırılmasına və fermerlərin rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayıb. Nazir proqramın həyata keçirilməsi zamanı fermerlərin, sahibkarların və aidiyyəti qurumların fəal iştirakının vacibliyini qeyd edib” deyə bildirilir.
Xəbərdə eləcə də deyilir ki, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Dövlət Proqramı ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində mövcud vəziyyət, sektorun inkişafına təsir edən əsas çağırışlar, eləcə də Dövlət Proqramının hazırlanmasını zəruri edən amillər barədə məlumat verib. Həmçinin proqramın strateji çərçivəsi, əsas məqsəd və prioritetləri, həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri və gözlənilən nəticələr iştirakçıların diqqətinə çatdırılıb”.
Sonda Dövlət Proqramının icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və rəyləri dinlənilib.






İlk şərhi yaza bilərsiniz