BAYRAQDAR MEDİA – Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Paralimpiya İdman Kompleksində ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Komitədən daxil olub.
Xəbərdə qeyd olunur ki, “çempionatda 30-a yaxın yeniyetmə və gənc paraüzgüçü 9 müxtəlif kateqoriya üzrə mübarizə apararaq öz bacarıqlarını nümayiş etdirib. Tədbirdə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli Paralimpiya Komitəsinin rəhbərliyi, tərəfdaş qurumların nümayəndələri və idman ictimaiyyətinin üzvləri iştirak ediblər. Azərbaycanda ilk dəfə təşkil olunan çempionatın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafına dəstək vermək, eləcə də gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək perspektivli paraüzgüçülərin müəyyənləşdirilməsi və paraüzgüçülük üzrə ehtiyat qüvvənin formalaşdırılmasına töhfə vermək olub”.
Daha sonra xəbərdə, “qeyd edək ki, bu yarış ölkədə paraüzgüçülük növünün inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və milli komanda üçün namizədlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qaliblərin mükafatlandırma mərasimi keçirilib. Mükafatçılara medal, sertifikat və hədiyyələr təqdim olunub” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz