Press "Enter" to skip to content

Azərbaycanın adı İlham Əliyevlə assosiasiya olunur

Azər Həsrət

BAYRAQDAR MEDİA – Bir neçə gün öncə xarici qonaqlardan biri ilə söhbət edirdik. Soruşdu ki, “İlham Əliyevə inam – etimad nə qədər olar?” Düşünmədən cavab verdim ki, “90 faiz civarında”.

Cavabımın səbəblərini də izah etdim. Dedim ki, özüm daim xalqın içindəyəm, hər kateqoriyadan olan vətəndaşlarla danışıram, onların yanaşmasını bilirəm. Bir qayda olaraq vətəndaşımız deyir ki, İlham Əliyev son 200 ildə Azərbaycanı elə bir mərhələyə yüksəldən liderdir ki, hələ bundan sonra da uzun illər onun alternativi olan deyil.

Qonağımız da məni dinlədikdən sonra, “siz çox bəxtli millətsiniz, belə bir lideriniz var, bütün dünyada hörmət görür”, deyə fikrini bildirdi…

Biz bu söhbəti edəndə Medianın İnkişafı Agentliyinin 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə keçirdiyi ictimai rəy sorğusunun nəticələri açıqlanmamışdı. Ümumiyyətlə belə bir sorğudan da xəbərim yox idi. Elə-belə, fəhmlə demişdim ki, İlham Əliyevə ictimai etimad 90 faiz civarındadır.

Və rəqəmlər. Rəy sorğusunun nəticələri belədir:

İlham Əliyevə etimad səviyyəsi ümumilikdə 87.7 faizdir. Yəni hər 10 vətəndaşdan 9-u İlham Əliyevə etimad göstərir.

Rəyi soruşulanların 93.6 faizi Prezidentin fəaliyyətini müsbət dəyərləndirir.

Ən maraqlısı isə bu olub ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların 91,5 faizi İlham Əliyevə səs verəcəyini deyib!

Daha bir maraqlı rəqəm isə 81,9 faiz təşkil edir. Bu kəsimə aid olanlar Prezident İlham Əliyevi alternativsiz siyasi lider hesab edir!

Özüm o sorğuda iştirak etmiş olsaydım, özəlliklə də sonuncu rəqəmin içində yer almış olardım. Doğrudan da İlham Əliyev həm indi, həm də hələ neçə illər bundan sonra alternativsiz lider olaraq qalacaq!

İlham Əliyev
İlham Əliyev

İndi isə niyə bu nəticələrin olduğunun səbəblərinə toxunaq.

Şəxsi qənaətimə və illərin təcrübəsinə əsaslanıb deyirəm ki, İlham Əliyev ölkə başçısı olaraq milli maraqları hər zaman üstün tutması, qətiyyətlə müdafiə etməsi ilə nəinki Azərbaycanda, bütün dünyada diqqət mərkəzindədir! İlham Əliyev bu məsələlərdə ən böyük dövlətləri – liderləri belə qarşısına almaqdan çəkinmir!

Digər bir səbəb isə Azərbaycanda xalq – hakimiyyət bağının məhz İlham Əliyevin sayəsində ən uğurlu həllinin tapılmasıdır. Hətta bəzən vətəndaş hansısa yüksək vəzifəli məmurdan, nazirdən, deputatdan narazı olanda belə “qurban olasınız İlham Əliyevə” deyib keçir…

İlham Əliyev özünün qətiyyəti ilə bərabər intellektual imkanları, sağlam həyat tərzi və yaxşı ailə başçısı olması ilə də dünyanın, həm də Azərbaycan xalqının təqdirini görür. Yeri gəlmişkən, İlham Əliyevdə olan bir çox şəxsi keyfiyyətlər və üstünlüklər dünyanın daha böyük dövlətlərinin rəhbərlərinin çoxunda yoxdur…

Azərbaycan məhz İlham Əliyevin sayəsində yalnız Güney Qafqazın deyil, ümumiyyətlə dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilib. Bunu uzun illər dünyanın müxtəlif ölkələrində ən böyük beynəlxalq qurumların tədbirlərində iştirak edib Azərbaycanı tanıtmağa cəhd edən birisi kimi deyirəm. Vaxt vardı ki, biz ölkəmizi tanıtmaqda çox ciddi çətinlik çəkirdik. Amma indi sadəcə İlham Əliyev demək belə bəs edir ki, haradan gəldiyimiz anlaşılsın. Yəni artıq Azərbaycanın adı İlham Əliyevlə assosiasiya olunur.

Təbiidir ki, İlham Əliyevə olan etimad həm də 2020-ci ilin 44 günlük savaşında sərgilənən taktika və humanist müharibə bacarığının nümayişidir. Müharibə və humanizm bir araya sığan sözlər olmasa da İlham Əliyev bu iki anlayışı bir arada dünyaya örnək kimi təqdim etməyi bacarmış Müzəffər Ali Baş Komandandır!

Bir də şəxsi müşahidəm var; Azərbaycana gələn bütün qonaqlarımız istisnasız olaraq ölkəmizdəki təhlükəsizliyin üstün səviyyədə olmasını vurğulayırlar. Hətta gecə gec saatlarda Bakının küçələrini gəzən qonaqlar sakitliyə, sabitliyə təəccüb edir, bəzən də bunun necə mümkün olduğunu öyrənməyə çalışırlar. Belə bir durum da elə məhz İlham Əliyevin idarəetmə bacarıqlarının nə qədər yüksək səviyyədə olmasını göstərir.

Sonda bir daha vurğulamaq istərdik ki, İlham Əliyev Azərbaycan Respublikası üçün bir şans liderdir. Onun imkanları hələ uzun illər ölkəmizi irəli aparmaq, Azərbaycanın ən ümdə tarixi məsələlərinin həlli üçün olduqca gərəklidir. Bunu yalnız biz deyil, elə xalqın böyük əksəriyyəti də yetərincə sağlam şəkildə anlayır.

Bir də onu əlavə edək ki, İlham Əliyevə sadəcə Azərbaycan xalqı deyil, bütün türk dünyası, Güney Azərbaycan və dünyanın hər tərəfindəki əsir türklər də ümidlə baxır. Bu barədə ayrıntılara isə hələlik varmırıq…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.