BAYRAQDAR MEDİA – Milli Mətbuat Günü münasibəti ilə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 2–3 iyul tarixlərində media nümayəndələri üçün mediatur təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “səfərin məqsədi bölgələrdə fəaliyyət göstərən fermerlərin fəaliyyəti, aqrar sahədə tətbiq olunan innovativ yanaşmalar, dövlət dəstəyi ilə həyata keçirilən layihələr və yerli istehsal barədə ictimaiyyətin məlumatlandırılması olub. Mediatur çərçivəsində iştirakçılar Lənkəran rayonunda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilən “Arıçılıq Muzeyi”, “Leynə Co” və “Citrus Valley” təsərrüfatlarını ziyarət edərək görülən işlərlə tanış olub, fermerlərlə görüşüblər”.
Ardınca xəbərdə, “iki gün davam edən səfər zamanı media nümayəndələri regionun aqrar potensialı ilə yaxından tanış olaraq yerli təsərrüfatlar, onların istehsal imkanları və inkişaf perspektivləri barədə ətraflı məlumat əldə ediblər. Mediatur kənd təsərrüfatı sahəsində görülən işlərin mediada daha geniş işıqlandırılmasına, kəndlə şəhər arasında informasiya körpüsünü möhkəmləndirilməsinə və medianın aqrar sahənin inkişafındakı rolunun gücləndirilməsinə xidmət edir” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz