BAYRAQDAR MEDİA – İstanbulda keçirilən 27-ci Beynəlxalq Böyükçəkməcə Mədəniyyət və İncəsənət Festivalı 62 ölkədən 650 mədəniyyət və incəsənət nümayəndəsinin iştirakı ilə möhtəşəm bağlanış mərasimi ilə yekunlaşıb. Artıq 12-ci dəfə “Dünyanın ən yaxşı mədəniyyət və incəsənət festivalı” adına layiq görülən tədbirin final gecəsində beynəlxalq xalq rəqsləri müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bu barədə ankahaber.net saytı məlumat yayıb.
Bildirilib ki, gecənin ən yaddaqalan anlarından biri İspaniya nümayəndələrinin çıxışın sonunda Türkiyə bayrağını açması olub və bu addım tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb. Münsiflər heyətinin qərarına əsasən, müsabiqənin qalibi Braziliya, ikinci yeri Dağıstan Respublikası, üçüncü yerləri isə Bolqarıstan və Rusiya tutub. Müxtəlif nominasiyalar üzrə Ekvador, Polşa, Çili, Rumıniya, İspaniya və Meksika kollektivləri də mükafatlara layiq görülüblər. Bağlanış mərasimində çıxış edən Böyükçəkməcə rayon rəhbərliyi festivalın təşkilində əməyi olan hər kəsə təşəkkür edib və tədbirin xalqlar arasında dostluq, qardaşlıq və sülhə xidmət etdiyini vurğulayıb.
Sonda iştirakçılar gələn il keçiriləcək 28-ci Beynəlxalq Böyükçəkməcə Mədəniyyət və İncəsənət Festivalında yenidən görüşmək arzularını ifadə ediblər.






İlk şərhi yaza bilərsiniz