Yeni Çağ – Türkiyənin Balıkesir şəhərində Balıkesir Jurnalistlər və Yazıçılar Cəmiyyəti (BGYC) tərəfindən mükafatlandırma mərasimi keçirilib. Mərasimdə ictimaiyyətin doğru məlumatlandırılmasına və beynəlxalq media əlaqələrinin inkişafına töhfə verən mətbuat nümayəndələri mükafatlandırılıb.
Tədbirdə “Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər də yüksək mükafata layiq görülüb. O, Balıkesir Jurnalistlər və Yazıçılar Cəmiyyəti tərəfindən “Beynəlxalq Media və Kommunikasiya Mükafatı” (Uluslararası Medya ve İletişim Ödülü) ilə təltif edilib.
Qeyd olunub ki, A.Ələsgərə bu mükafat məhz Türk dünyasında media əməkdaşlığının inkişaf etdirilməsi, beynəlxalq kommunikasiya əlaqələrinin gücləndirilməsi və jurnalistika sahəsində ortaq mədəni dəyərlərin yaşadılmasına verdiyi qiymətli töhfələrə görə təqdim olunub. Mükafatı azərbaycanlı jurnalistə Balıkesir Üniversitesinin rektoru, Prof. Yücel Oğurlu təqdim edib.
Tədbirdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Balıkesir üzrə millət vəkili Mustafa Canbey, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəzi Qərar və İdarə Heyətinin üzvü, Prof. Zakir Avşar, Mətbuat Elanları Qurumunun (Basın İlan Kurumu) İdarə Heyətinin sədri Prof. Edibe Sözen, Qurumun baş direktoru Abdulkadir Çay, Bursa bölgəsinin rəhbəri Gökhan Eren, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca və Türk İnternet Media Birliyinin (TİMBİR) sədri Süleyman Basa iştirak ediblər.
Proqrama Türkiyənin müxtəlif vilayətlərinin jurnalist cəmiyyətlərinin rəhbərləri, yerli media nümayəndələri, eləcə də Azərbaycan və Özbəkistandan gələn jurnalistlər qatılıb. Mərasimdə jurnalistika peşəsinin cəmiyyət həyatındakı önəmi vurğulanıb. Balıkesir Jurnalistlər və Yazıçılar Cəmiyyətinin 10 illik yubileyi çərçivəsində baş tutan bu tədbir Türkiyənin müxtəlif bölgələrindən və bütövlükdə Türk dünyasından olan media nümayəndələrini bir araya gətirməsi ilə yadda qalıb.






İlk şərhi yaza bilərsiniz