BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) müəssisələrinin benefisiarlarının hazırladıqları əsərlərdən ibarət “Sülhün rəngləri” adlı inklüziv rəsm sərgisi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “sərgidə Agentliyin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin, həmçinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin və 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin sakinlərinin 30-a yaxın rəsm əsəri nümayiş olunub. Şəhid ailələri və müharibə əlillərinin də iştirak etdiyi sərgi Suraxanı Gəmi Muzeyində təşkil edilib və “Sülh Aylığı”na (21 avqust – 21 sentyabr) həsr edilib”.
Sonra xəbərdə, “SXA-nın İdarə Heyətinin sədrinin müşaviri Vüsal Hətəmov çıxışında bildirib ki, sərginin 21 Sentyabr – Beynəlxalq Sülh Günü ərəfəsində təşkili xüsusi əhəmiyyət daşıyır. Nümayiş olunan əsərlər inklüzivliyin, həmrəyliyin və əminamanlığın təcəssümüdür. Bu cür təşəbbüslər benefisiarların yaradıcılıq imkanlarının üzə çıxarılmasına, onların cəmiyyətə inteqrasiyasına və istedadlarının dəstəklənməsinə imkan yaradır. Sonra rəsm əsərləri münsiflər heyətində təmsil olunan tanınmış rəssamlar Elşən Karaca, İlqar Tahiri və Aydın Əsgərov tərəfindən qiymətləndirilib və qaliblərə diplomlar təqdim edilib” deyə qeyd olunur.
Tədbir ədəbi-bədii proqramla başa çatıb.






İlk şərhi yaza bilərsiniz