BAYRAQDAR MEDİA – Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF), Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Federasiyadan daxil olub.
Xəbərdə bildirilir ki, “4 balıqçılıq klubunu təmsil edən 35 iştirakçının mübarizə apardığı yarışın açılış mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov idmançıları salamlayıb, onlara uğurlar arzu edib. Nazir çıxışında Azərbaycanda idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb. Su idman növlərinin son illər ərzindəki inkişafını yüksək qiymətləndirdiyini bildirib. Rəsmi hissədən sonra gənclər və idman nazirinin simvolik olaraq ilk spininqi suya atması ilə ölkə çempionatına start verilib. Çempionat surfkastinq üzrə beynəlxalq qaydalara uyğun şəkildə keçirilib. Altı saat ərzində tutulan balıqlar hakimlər tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və ən yüksək nəticə göstərən iştirakçılar müəyyənləşdirilib”.
Qaliblər diplom, medal və digər hədiyyələrlə mükafatlandırılıblar. Hakimlərə peşəkarlıqlarına görə Federasiya tərəfindən diplomlar təqdim edilib.
Yarışın texniki nəticələri aşağıdakı kimidir:
1-ci yer: Əhməd Məmmədov — Azərbaycan Karpfişinq Klubu
2-ci yer: İlkin Umudov — Bakı Balıqçılar Klubu
3-cü yer: Fərman Abdulov — Bakı Balıqçılar Klubu
“Big Fish” mükafatı: İlkin Umudov — Bakı Balıqçılar Klubu (ən böyük balıq — 40 sm)






İlk şərhi yaza bilərsiniz