BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) ilə “OpenAI” şirkəti arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik Anlaşma Memorandumu imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “sənəd Nyu-Yorkda elm və təhsil naziri Emin Əmrullayev və “OpenAI” şirkətinin təhsil üzrə vitse-prezidenti Leah Belsky tərəfindən imzalanıb. Yeni əməkdaşlığın əsas məqsədi süni intellekt texnologiyalarından istifadə etməklə müəllim və şagirdlər üçün tədris və öyrənmə imkanlarının təkmilləşdirilməsi, təhsil prosesinin daha səmərəli və əlçatan təşkili, həmçinin təhsil müəssisələrində süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair yanaşmaların formalaşdırılmasıdır. Əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı tədris alətlərinin hazırlanması, müəllim və digər təhsil işçilərinə yeni texnologiyalardan səmərəli istifadə üzrə təlimlərin keçirilməsi, eləcə də məktəblərdə süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair standart və metodiki yanaşmaların hazırlanması nəzərdə tutulur”.
Daha sonra xəbərdə, “əməkdaşlığın əsas istiqamətlərindən biri riyaziyyat, təbiət elmləri və oxu fənləri üzrə təhsilin idarəolunması sisteminin “OpenAI” texnologiyalarından istifadə edilməklə inkişaf etdirilməsidir. Yeni imkanların müəllimlərə dərslərin hazırlanması, tədris materiallarının formalaşdırılması və şagirdlərin qiymətləndirilməsi prosesində süni intellekt əsaslı dəstək göstərməsi nəzərdə tutulur. Bununla müəllimlərin hazırlıq və inzibati işlərə sərf etdiyi vaxtın optimallaşdırılması və şagirdlərlə birbaşa işə daha çox vaxt ayırmaları hədəflənir. Bununla yanaşı, müəllimlər, tələbələr və təhsil müəssisələrinin əməkdaşları üçün süni intellekt üzrə müxtəlif təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır. “Təlimçilərin təlimi” proqramı vasitəsilə süni intellekt sahəsində yerli mütəxəssis və təlimçi potensialının gücləndirilməsi nəzərdə tutulur. Tərəflər həmçinin təhsil sahəsində süni intellektdən təhlükəsiz, etik və məsuliyyətli istifadəyə dair metodiki yanaşmaların, tövsiyələrin və müvafiq çərçivələrin hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər” deyə qeyd olunur.
Qeyd edək ki, bu, ETN ilə “OpenAI” arasında imzalanan ikinci Anlaşma Memorandumudur. İlkin əməkdaşlıq çərçivəsində adaptiv öyrənmə platformasının hazırlanması prosesi həyata keçirilib.









İlk şərhi yaza bilərsiniz