Press "Enter" to skip to content

Kukla Teatrında premyera: “Balaca səyyah”

Kukla Teatrında premyera: “Balaca səyyah”

BAYRAQDAR MEDİA – Noyabrın 16-da məktəblilərin payız tətili günlərində Azərbaycan Dövlət Kukla Teatrında “Balaca səyyah” tamaşasının premyerası olacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Belarus dramaturqu, rejissoru və aktyoru Dmitri Boqoslavskinin “Mən necə səyyah oldum” əsəri əsasında hazırlanan tamaşa uşaqların böyük arzulara gedən yolunun yalnız xəyal və cəsarətdən deyil, həm də bilik və hazırlıqdan keçdiyini göstərir. Tamaşanın baş qəhrəmanı dünyanı kəşf etmək, yeni ölkələr görmək, üfüqləri aşmaq arzusunda olan balaca bir oğlandır. O, ilk səyahətinə çıxaraq dəniz canlıları və digər maraqlı obrazlarla qarşılaşır, müxtəlif macəralar yaşayır və hər qarşılaşmada yeni bir həqiqəti kəşf edir”.

Daha sonra xəbərdə, “səhnə işinin əsas ideyası uşaqlara öyrənməyin, məktəb biliklərinin və dünyagörüşünün gələcək arzulara çatmaqda mühüm rol oynadığını aşılamaqdır. Qəhrəman səyahət zamanı anlayır ki, coğrafiya ilə yanaşı, riyaziyyat, xarici dil və digər fənlər də onun üçün vacibdir. Beləliklə, macəra yolu ilə o, arzularına çatmaq üçün ilk növbədə öz üzərində çalışmalı olduğunu dərk edir. Yumor, fantaziya, interaktiv dialoqlar və rəngarəng kukla obrazları ilə zəngin olan tamaşa balaca tamaşaçıları həm əyləncəli macəraya, həm də bilik dünyasına dəvət edir. “Balaca səyyah”ın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir” deyə diqqətə çatdırılır.

Qeyd edək ki, birhissəli uşaq tamaşasında obrazları teatrın aktyorları – Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Səriyyə Mansurova, Bayram Ağamalıyev, Araz Həsənli, Könül Nəsibli, Səbinə Məmmədova, Ramiz Qəmbərov, Samirə Nəcəfova, Yusif Baxşəliyev, Firuzə Nəsibli və Yasin Abbasov canlandırırlar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.