BAYRAQDAR MEDİA – Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qeyd olunanları nəzərə alaraq FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar”.
Ardınca xəbərdə, “eyni zamanda, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır. Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir” deyə vurğulanır.






İlk şərhi yaza bilərsiniz