BAYRAQDAR MEDİA – Tədqiqatçı alim Zaur Əliyev və tədqiqatçı Məhbubə Cəfərin həmmüəllif olduğu Azərbaycanın 5 minillik dövlətçilik tarixinə işıq tutan 764 səhifəlik “Güzgüdən keçən tarix” tarixi romanı dərc edilib. Kitabın baş məsləhətçisi təqaüddə olan hakim İsmayıl Abdurəhmanlı, redaktoru isə Akademik Zərifə Əliyeva adına liseyin müəllimi Pərviz Ağalarovdur.
Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya müəllif özü məlumat verib.
Xəbərdə deyilir ki, “romanda Azərbaycanın qədim arealı olan Qobustan, Gəmiqaya, Əshabi-Kəhf sirri, Əlincə qalası və Azıx mağarası avtoxon türk damğalarından başlayaraq xalqımızın dövlətçilik ənənəsi bədii dillə araşdırılır. Kitabda qədim dövrlərin daşlaşmış kitabələri, ulu əcdadların piktoqram və mixi yazı sistemləri, neolit inqilabından başlayan dövlətçilik simvolları bədii dillə araşdırılır. Kitabda Zərdüştün fəlsəfəsi, “Avesta”nın ilkin qatları, qədim dövrlərin düşüncələrindən yaranan metafizika, böyük fatehlərin bəşər tarixində buraxdıqları dərin və silinməz izlər təsvir olunur. Massaget hökmdarı Tomris ananın Kirə qarşı savaşı, Albaniya knyazı Cavanşirin diplomatiyası, Babək, Əbu Müslüm Xorasani, Cavidan ibn Sührək, Əbu İmran, Bəhmənyar, Şihabəddin Sührəvərdiz, Şəms Təbrizi, Nəsirəddin Tusi və Elxanilər dövrünün tibb dahisi Mahmud Şirvaninin elmi irsi bədii dillə təhlil olunur”.
Daha sonra xəbərdə, “Sacoğlu Yusif, Mərzban ibn Məhəmməd, Şeyx I İbrahim Dərbəndi, Cahanşah Həqiqi, Həsən padşah və Şah İsmayıl Xətai ilə Şah I Təhmasibin idarəçilik dövrləri tarixi romanda canlandırılır. Romanın ən böyük özəlliklərindən biri, tarixin kölgəsində qalmış qüdrətli Azərbaycan qadınları, Şağab xatun, Azərbaycanın ilk diplomatı Sara xatun, qəhrəman Əleykə Könüldaş xatun, Xatun Can bəyim, Məhdi Ülya və Səfəvilərin dəmir iradəli xanımı Pərixan Sultanın dövlət idarəçiliyindəki rolu müfəssəl təsvir olunur. Xaqani Şirvani, Məhsəti Gəncəvi, Rəziyyə Gəncəvi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Sadıq bəy Sadiqi, Qurbani, Molla Pənah Vaqif, Cavad xan Ziyadoğlu Qacar, Hacı Çələbi xan, Koroğlu, Heydərqulu xan və böyük Əfşar İmperiyasının qurucusu Nadir şah daxil olmaqla Ağa Məhəmməd şah Qacar, Fətəli şah Qacar, Abbas Mirzə, II Şah İsmayıl, Məhəmməd Xudabəndə və digər haqqında bu günə qədər məlumat olmayan nadir şəxsiyyətlər barədə romanda geniş məlumatlar əks olunub” deyə qeyd edilir.
Xəbərdə eləcə də söylənilir ki, “qadın hökmdarlar, diplomatlar, siyasi rol oynayan xanımlar, hökmdarlar, sərkərdələr, dövlət adamlar, alimlər, filosoflar, təbiblər, sənətkarlar, vəzirlər və tarixdə imzası olan və bu günə qədər Azərbaycan elmində və tarixində adları belə məlum olmayan şəxsiyyətlərin həyatı və fəaliyyəti romanda geniş işıqlandırılıb. Eyni zamanda, Şərq fəlsəfəsinin, irfan məktəbinin, riyazi və kosmik şifrələrin, eləcə də qədim tibb elminin nəhəng irsi bədii dillə dərindən təhlil olunur. “Öz güzgüsü olmayan millət, başqalarının ona biçdiyi obrazda yaşamağa məhkumdur” ideyasını aşılayan roman hər bir oxucuya kino ssenarisi və filmi kimi təqdim edilir. Kitabı oxuyaraq 5 minillik tariximizə səyahət etmək mümkündür”.






İlk şərhi yaza bilərsiniz