Press "Enter" to skip to content

MŞ-nin yeni tərkibdə ilk iclası

MŞ-nin yeni tərkibdə ilk iclası

BAYRAQDAR MEDİA – Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin ilk iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qurumun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbiri giriş sözü ilə açan MŞ sədri Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. V.Zifəroğlu İH-nin yeni tərkibinin qarşısında bir sıra mühüm vəzifələrin icrasının dayandığını bildirib. O deyib ki, MŞ postsovet məkanında medianın ilk özünütənzimləmə strukturu kimi böyük yol keçib, fəaliyyəti ilə cəmiyyətdə nüfuz qazanıb və təşkilat gələcəkdə də media ictimaiyyətinin gözləntilərini doğrultmaq istiqamətində səylə çalışmalıdır. V.Zifəroğlu buna əmin olduğunu bildirməklə yanaşı, Şuranın işinin müasir dövrün çağırışlarına adekvat qurulmasının zəruriliyi üzərində dayanıb. MŞ sədri onu da bildirib ki, Prezident İlham Əliyev çıxışlarında müasir dünyanın informasiya mühitindəki neqativ hallara diqqət çəkir. Dövlət başçısının fikirləri həm yüksək maarifləndirici xarakterlidir, həm də mükəmməl yol xəritəsi mahiyyəti daşıyır. MŞ-nin İdarə Heyətinin yeni tərkibi mövcud məqamı əsas götürməli, ölkəmizin liderinin müəyyənləşdirdiyi strategiyaya əməli dəstək göstərməli, jurnalist peşəkarlığına dair beynəlxalq standartları ciddi şəkildə nəzərdən keçirərək, onların tətbiqi imkanlarını araşdırmalıdır. Mühüm vəzifələrdən biri də ölkəmizdə sağlam media mühitinin qərarlaşmasına layiqli töhfə verməkdir”.

Daha sonra xəbərdə, “V.Zifəroğlu eyni zamanda vurğulayıb ki, MŞ İdarə Heyəti üzvlərinin Azərbaycana qarşı qlobal informasiya məkanındakı ənənəvi destruktiv meyillərə münasibətdə də prinsipial mövqe tutmaları, çevik davranaraq mövcud istiqamətdə əvvəlki illərin təcrübəsini daha dinamik tərzdə dolğunlaşdırmaları vacibdir. O, bunun üçün bütün mümkün vasitələrdən istifadə ediləcəyini dilə gətirib. MŞ sədri iclasın gündəliyindəki bütün məsələlərin Şuranın funksionallığını artırmaq məramından qaynaqlandığını bildirib və buna görə ilk növbədə qurumun sədr müavinlərinin müəyyənləşdirilməli olduğuna diqqət çəkib. Müzakirələrdən sonra İH üzvlərindən Müşfiq Ələsgərli və Elmira Musazadə bu vəzifəyə seçiliblər. Gündəlikdəki ikinci məsələ – MŞ-nin komissiyalarının formalaşdırılması xüsusunda bildirilib ki, Şuranın başlıca missiyası media ilə bağlı şikayətlərin araşdırılmasıdır. Qurumun Nizamnaməsinə görə, MŞ sədrinin müavinləri növbəlilik əsasında – 2 il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edirlər. Birinci müddətə rəhbərlik sədr müavini M.Ələsgərliyə həvalə olunub” deyə qeyd edilir.

İclasda MŞ-nin digər komissiyalarının sədrləri müəyyənləşdirildi və qərara alınıb ki, onlar Şuranın növbəti iclasınadək rəhbəri olduqları qurumların fəaliyyət proqramları, həmçinin tərkibləri ilə bağlı təklifləri Şuranın Katibliyinə təqdim etsinlər. Toplantıda o da bildirilib ki, komissiyaların intensivliyini artırmaq üçün onların işinə İH üzvləri ilə yanaşı, müvafiq sahə ekspertlərinin və mütəxəssislərin də cəlb edilmələri ümumi işə fayda verəcək.

İH-nin iclasında Şura sədrinin təqdimatı əsasında MŞ-nin icraçı katibi də təsdiqlənib. Bu vəzifəyə Əvəz Rüstəmovun namizədliyi məqbul qiymətləndirilib. MŞ İdarə Heyətinin üzvü Əminə Yusifqızı Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.