Press "Enter" to skip to content

Azərbaycan bayrağına həsr olunmuş kolleksiyanın Nyu-Yorkda təqdimatı

Azərbaycan bayrağına həsr olunmuş kolleksiyanın Nyu-Yorkda təqdimatı

BAYRAQDAR MEDİA – Meksikalı heykəltəraş və beynəlxalq miqyasda tanınan sənətkar Enrike Kabreranın Azərbaycan Respublikasının Dövlət Bayrağına həsr etdiyi xüsusi kolleksiyanın təqdimatı və layihəyə aid internet səhifəsinin istifadəyə verilməsi 9 noyabr 2026-cı il tarixində – Dövlət Bayrağı Günündə Nyu-Yorkda baş tutub.

Xəbər BAYRAQDAR MEDİA-ya “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin İnformasiya Mərkəzindən daxil olub.

Xəbərdə deyilir ki, “kolleksiyada alma və Azərbaycan bayrağı təsvirlərinin yer aldığı iki müəllif nümunəsi təqdim olunub. Qeyd edilib ki, bunlar rəsmi pul nişanları deyil, sənətkarın şəxsi təşəbbüsü ilə hazırlanmış fərdi sənət və kolleksiya nümunələridir. Enrike Kabrera sosial şəbəkələrdəki paylaşımlarında Azərbaycan bayrağının üç rənginin, aypara və səkkizguşəli ulduzun simvolikasına diqqət çəkib. O, mavi rəngi türk irsi, qırmızı rəngi müasir inkişaf, yaşıl rəngi isə İslam sivilizasiyası ilə əlaqələndirərək dövlət rəmzimizin tarixi və mədəni məzmununu özünəməxsus sənətkar baxışı ilə təqdim edib”.

Bildirilib ki, “Enrike Kabrera monumental heykəltəraşlıqdan kiçikölçülü kolleksiya nümunələrinədək müxtəlif istiqamətlərdə çalışan sənətkardır. Onun «Palmarius», «El Toro de Oro» və «The Big Apple» kimi layihələri beynəlxalq sənət məkanında tanınır. Əsərləri Nyu-York, Paris, Venesiya, Florensiya, Tokio və digər şəhərlərdə nümayiş etdirilib. Sənətkarın fəaliyyəti Meksikanın CENIDIAP və INBA kimi sənət və mədəniyyət institutları ilə bağlı yaradıcılıq və tədqiqat işlərini də əhatə edir. Kabreranın Azərbaycanla yaradıcılıq əlaqələrinin mühüm mərhələlərindən biri isə 2024-cü ildə onun «The Big Apple» («Böyük alma») monumental heykəlinin Bakı Ağ Şəhərdə təqdim olunması ilə başlayıb. 2026-cı ilin oktyabrında Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümünə həsr olunmuş mədəni tədbirlər çərçivəsində sənətkarla «Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım» İctimai Birliyinin nümayəndələri arasında görüşlər keçirilib. 15 oktyabrda Amerika Dövlətləri Təşkilatının mənzil-qərargahında təşkil olunan «Oil and Icon» tədbiri, 16 oktyabrda isə ABŞ–Azərbaycan Ticarət Palatasının təşkil etdiyi «Azerbaijan Culture Day: Patterns, Colors & Stories» proqramı bu yaradıcı ünsiyyət üçün mühüm platforma olub”.

Qeyd edilib ki, “İctimai Birliyin sədri Lalə Sərdarlı və təşkilatın həmtəsisçisi, “Sənətdə yeni texnologiyalar və innovasiyalar” bölməsinin rəhbəri Toğrul Sərdarlı Enrike Kabrera ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Sənətkar Real TV-yə müsahibəsində Toğrul Sərdarlı ilə birgə yaradıcılıq layihələri həyata keçirmək niyyətində olduğunu da bildirib. Vaşinqtondakı tədbirlər zamanı Enrike Kabreranın müəllifi olduğu alma və Azərbaycan bayrağı təsvirli kolleksiya nümunələrini İctimai Birliyin yaratdığı «Dərələyəzim Vəhdətdə» adlı mücrünün içərisində yerləşdirərək çəkdirdiyi fotoşəkilləri Instagram səhifəsində paylaşması da diqqət çəkib”.

Xatırladılıb ki, “”Dərələyəzim Vəhdətdə” mücrüsü milli mədəni irsin araşdırılması, qorunması və müasir sənət vasitələri ilə təqdim edilməsi istiqamətində yaradılmış nümunələrdən biridir. Bu mücrü İstanbulun tarixi Topqapı Sarayında xüsusi ayrılmış nümayiş məkanında təqdim olunub. İctimai Birliyin “Zəngəzurum” nümunəsi də həmin sarayda nümayiş etdirilib”.

Son olaraq, “Enrike Kabreranın Azərbaycan bayrağına həsr etdiyi kolleksiyanın Dövlət Bayrağı Günündə Nyu-Yorkda təqdim olunması milli dövlət rəmzimizin beynəlxalq sənət müstəvisində tanıdılması və Azərbaycanla digər ölkələrin yaradıcı dairələri arasında mədəni əlaqələrin inkişafı baxımından diqqətəlayiq hadisədir” deyə bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.