Recep Tayyip Erdoğan: Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi və Tinglik Kompleksini Qarabağa qazandırmaqdan məmnunluq duyuruq
BAYRAQDAR MEDİA – Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi və Tinglik Kompleksi Azərbaycanın Cəbrayıl rayonunda açılıb.
Bu barədə Türkiyənin Anadolu Ajansı məlumat yayıb.
Məlumata görə, bir zamanlar Ermənistanın işğalı altında olmuş Cəbrayılda inşa edilən kompleksin təməli 2022-ci il oktyabrın 20-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşəçilik Baş İdarəsinin töhfələri ilə 11,4 hektar ərazidə yaradılan kompleksin ümumi bina və istifadə sahəsi 12 min 200 kvadratmetr təşkil edir. Ərazidə təlim mərkəzinin binası, tinglik təsərrüfatının inzibati binası, tinglik emalatxanası və ting satışı sahəsi yerləşir. Ting istehsalı isə 47 min 300 kvadratmetr ərazidə həyata keçiriləcək.
Qeyd edilib ki, illik 2 milyon ting istehsalı gücünə malik kompleksdəki təlim mərkəzində hər il 400 nəfərə yaşayış təmin edilməklə nəzəri və praktiki təlimlər keçirilə biləcək.
Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan noyabrın 8-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında kompleksi “Türkiyə ilə Azərbaycan əməkdaşlığının yeni bir nişanəsi” kimi qiymətləndirmişdi.
Recep Tayyip Erdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında da “Türkiyə olaraq azadlıq dövründə olduğu kimi, Qarabağın inkişafı üçün də əlimizdən gələn hər cür dəstəyi göstəririk. Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi və Tinglik Kompleksini Qarabağa qazandırmaqdan məmnunluq duyuruq”, – deyə bildirmişdi.






İlk şərhi yaza bilərsiniz