Press "Enter" to skip to content

Evimizin-elimizin bəzəkləri – xalçalar

5 may Azərbaycanda Xalçaçı Günüdür.

Uşaq vaxtı evimizdə olan rəngarəng, bəzəkli, naxışlı xaçlalara diqqətlə baxardım. Al-əlvan xalçalardakı fiqurları, bəzəkləri, ilmələri sayardım. Anam xalçalara maraqla baxdığımı görüb onlar haqqında mənə məlumat verərdi:

– Bax, qızım, bu, əldə toxunma xalçadır. Bu, məşhur Təbriz xalçasıdır, buna kilim, buna isə palaz deyirlər. Bu isə məşhur Gəncə xalçasıdır.

Daha sonra kilimlə xalçanın və palazın fərqlərini mənə izah edərdi.

Gəncə xalçaları haqqında isə ayrıca danışardı. Əvvəlki dövrlərdə xalçaları yalnız yerə döşəməz, həm də divardan asardılar. Xalçalar divara bəzək verməklə yanaşı evi soyuqdan da qoruyardı. Kimin evində çox xalçası olardısa həmin adam varlı-zəngin sayılardı.

Əvvəllər xalça toxumağı bacarmayan qıza elçi düşməzdi. Xalça istilik, zənginlik, gözəllik rəmzi idi. Bir çox evlərdə hanalar qurular, qızlar-gəlinlər hana qarşısında əyləşib ilmə vurardılar.

Xalçaçılıq zərgərlik qədər incə, zövq və həvəs tələb edən işdir. İlmələri saya-saya toxuyan xalçaçılar zümzümə də edərdilər.

Biz tez-tez qonşumuz Gülnisə xanımın qurduğu hanaya baxmağa gedərdik. İşləyəndə Gülnisə xanımın əllərini görmək olmurdu. Naxışları, bəzəkləri qarşısına qoyub saya-saya toxuyardı Gülnisə xanım. Özü də evdəkiləri səs salmaga qoymazdı ki, “çaşaram, ilmələrin sayını itirərəm”.

Biz də nəfəsimizi içimizdə tutub onun xalça toxumasına maraqla tamaşa edərdik. Evə döndükdən sonra isə evdəki xalçaların naxışlarını dəftərlərimizdə vərəqlərin kənarlarına köçürər, onu rəngləyərdik. Bizim xalça sevgimiz belə idi.

Bir az da xalçaların tarixinə nəzər salaq

Xalçaçılıq kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənət növüdür.

Bu sənət növünə hər zaman dövlət başçıları çox əhəmiyyət vermiş, ən dahi şairlər öz əsərlərində istedadlı xalça toxuyanları xatırlatmışlar.

Dünyada aşkar olunan xalçalardan ən qədimi bizim eradan əvvəl VI-V yüzillikdə Dağlıq Altayda arxeoloji qazıntılar zamanı tapılan məşhur Pazırıq xalçasıdır.

Azərbaycanın ərazisində Gültəpə qazıntıları zamanı bizim eradan əvvəl IV-III yüzillikdə xalçaçılıqda işlədilən alətlər, boya maddələrinin izləri aşkara çıxıb.

Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib.

Azərbaycanda xalçalar xovlu və xovsuz olmaqla iki yerə bölünür.

Xalçaların inkişaf tarixi

Xalçaların inkişafı tarixi şərti olaraq 4 əsas dövrə bölünür:

İlkin dövrdə xalçalar çox sadə və naxışsız olub. Həmin dövrdə cecim və palazlar da meydana çıxıb.

İkinci dövrdə kilimin daha çətin üsullarla toxunması müşahidə edilib.

Üçüncü dövr toxunmanın şəddə, vərni, sumax, zili üsullarının yaranması dövrüdür. Sadə və çətin sarımanın geniş yayıldığı müddətdir.

Dördüncü dövr isə xovlu xalçaların düyünlərlə toxunmasının inkişafı ilə xarakterizə olunur. Həm texniki, həm də sənət nəzər nöqtəsindən bu dövrü xalçaçılığın ən yüksək inkişaf dövrü adlandırmaq olar.

Xalçalar insanları birləşdirirdi, onlarda bir-birinə kömək, dostluq hisslərini aşılayırdı.

Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Azərbaycan xalçaları ölkənin rəngarəng təbiətinin bütün gözəlliyini – səmanın maviliyini və meşələrin yaşıllığını, dağ yamaclarının əlvanlığını, qarlı zirvələrin bəyazlığını əks etdirir.

Bu xalçalarda qırmızı nar dənələrinin və qızılı heyvanın, sarı zəfəranın və kəhrəba üzümün rəngləri ecazkar bir şəkildə qovuşmuşdur.

Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir.

Tarixi mənbələrdəki məlumata görə, orta əsrlərdə Azərbaycan Şərqdə həm xovlu, həm də xovsuz xalça istehsalının mərkəzlərindən biri hesab olunurdu.

X əsrə aid (982-ci il) “Hüdud-əl-Aləm” əlyazmasında deyilir ki, Azərbaycan şəhərləri, o cümlədən Muğan öz çuvalları və palazları ilə məşhur olmuşdur; Naxçıvan, Xoy və Səlmas şəhərləri öz zililəri, xalçaları və toxuculuq məmulatı ilə, Ərdəbil və Şirvan əlvan ipək və yun parçaları ilə şöhrət qazanmışdır.

Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı Sarayı kimi dünyanın böyük muzeylərini, habelə Bakıda Azərbaycan Xalçaları Muzeyini və Azərbaycan Tarixi Muzeyini bəzəyir.

Məşhur Gəncə xalçaları

Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə oluna biləcək qiymətli əşyadır. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir.

Müxtəlif rəng çalarlarına malik Gəncə xalçaları isə hər zaman özünəməxsus üslübu ilə fərqlənib. Həmin xalçaların adı Qarabağ atları ilə qoşa çəkilib, xaricə göndərilib, sərgilərdə həmişə yüksək yerlər tutub, gələn qonaqlara qiymətli hədiyyə kimi təqdim edilib.

Gəncə-Qazax zonasında xalçalar əsasən yundan toxunduğundan seyrək ilməli, qalın tüklü, həndəsi ornamentli, orta ölçüsü 3 kv. m, 1.5×2(2.5) sm olur. 5-7 rəngdən istifadə edilən bu xalçalarda əsasən sürməyi, göy, lalə və zoğalı qırmızı rənglər üstünlük təşkil edir.

Vaxtı ilə ipəkçiliyin inkişaf etdiyi Gəncədə ipəkdən toxunan xalçalar öz gözəlliyi ilə insanı valeh etməyə bilmir. Gəncə-Qazax xalçalarında sıxlıq 10 sm-də 25-30, 28-35 ilmə təşkil edir.

Xalçaçılıqda rəssamlığın rolu

Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Yeni yaranan çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirik və romantik üslubda yaradılmış süjetli kompozisiyalara meyl üstündür.

Xalça sənətinin digər bir qolu peşəkar rəssamlar tərəfindən davam və inkişaf etdirilir. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə ad. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət yönümlü kolleclərdə tədris edilir.

Bundan başqa, xalçaçılıq sənəti texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında da öyrədilir.

Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və peşəkar rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun (1906-1991) adı ilə bağlıdır. Onun çox cildli “Azərbaycan xalçası” əsərində 1 min 300-dən artıq Azərbaycan xalça ornament elementinin təhlili verilib.

Qeyd: Yazıdakı bilgilər açıq mənbələrdən əldə edilib.

Mission News Theme by Compete Themes.