Press "Enter" to skip to content

İzmir-Bakı qardaşlığının 40 illiyi qeyd olunub

Dr. Rəşad Məmmədov çıxış edərkən

Bununla bağlı silsilə tədbirlər keçirilib

BAYRAQDAR MEDİA – İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) ev sahibliyi ilə İzmirdə keçirilən tədbirdə İzmir ilə Bakı arasında qardaş şəhər müqaviləsinin 40 illiyi qeyd olunub. Proqramda Rəşad Məmmədov başda olmaqla çoxsaylı qonaqlar iştirak ediblər. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin simvollarından biri hesab olunan İzmir-Bakı qardaş şəhər müqaviləsinin 40 illiyi münasibətilə təşkil edilən proqram diplomatiya, mədəniyyət, turizm, iş dünyası və vətəndaş cəmiyyəti nümayəndələrini İzmirdə bir araya gətirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İZAZDER-dən məlumat verilib.

Məlumata görə, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Dr. Rəşad Məmmədov, Menemen rayonunun kaymakamı Vedat Yılmaz, siyasi partiya təmsilçiləri, TÜRSAB İzmir rəhbərliyi, ASİTEM idarə heyəti və çoxsaylı qonaqlar iştirak ediblər.

“Yerlidən qlobala: İzmirin ixrac və sahibkarlıqda əməkdaşlıq vizyonu” adlı toplantı da keçirilib
“Yerlidən qlobala: İzmirin ixrac və sahibkarlıqda əməkdaşlıq vizyonu” adlı toplantı da keçirilib

Tədbirin açılış nitqini edən İZAZDER sədri Pərviz Altay bildirib ki, İzmir ilə Bakı arasındakı qardaşlıq münasibətləri artıq 40 ildir fasiləsiz davam edir və bu proses mədəni, sosial və iqtisadi sahələrdə mühüm nailiyyətlər qazandırıb.

O, qeyd edib ki, iki şəhər arasındakı həmrəylik illər keçdikcə daha da möhkəmlənib və bu münasibətlər türk dünyası baxımından nümunəvi əməkdaşlıq modeli formalaşdırıb: “Qardaş şəhər protokolunun imzalandığı dövrün çətinliklərinə baxmayaraq, bu əlaqələrin qorunub saxlanılması və bu gün də canlı şəkildə davam etməsi çox mənalıdır. İzmir-Bakı qardaşlığı ortaq tariximizin, mədəniyyətimizin və könül bağlarımızın güclü göstəricisidir. “İki dövlət, tək millət” prinsipini və birgə fəaliyyət ruhunu 40 illik yubiley tədbirləri çərçivəsində ilboyu təşkil olunacaq ortaq proqramlarla daha da gücləndirmək istəyirik”.

Pərviz Altay çıxış edərkən
Pərviz Altay çıxış edərkən

Məlumata görə, tədbir çərçivəsində “Yerlidən qlobala: İzmirin ixrac və sahibkarlıqda əməkdaşlıq vizyonu” adlı toplantı da keçirilib: “Proqramda iki şəhər arasındakı ticarət, sahibkarlıq və mədəni əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Proqram Heydər Əliyevin doğum günü münasibətilə təşkil olunan xüsusi sessiya ilə davam edib. Sessiyada Azərbaycanın Türkiyədəki səfiri Dr. Rəşad Məmmədov və Prof. Dr. Vəfa Qurban Türkiyə ilə Azərbaycan arasında “iki dövlət, tək millət” anlayışı əsasında formalaşan qardaşlıq münasibətlərinin illər ərzində strateji tərəfdaşlığa çevrildiyini vurğulayıblar. Çıxışlarda iki ölkə arasındakı münasibətlərin yalnız diplomatik müstəvidə deyil, mədəniyyətdən ticarətə, təhsildən enerji sahəsinə qədər bir çox istiqamətdə güclənərək davam etdiyi qeyd olunub”.

Məlumatda deyilir ki, gecənin konsert proqramında İzmir Dövlət Türk Dünyası Dans və Musiqi Topluluğu səhnəyə çıxıb: “Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində, Azərbaycan Mədəniyyət Nazirliyinin Türkiyə üzrə müşaviri Samir Abbasovun rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan konsertdə Heydər Əliyevə həsr edilmiş bəstələr səsləndirilib. Tədbir İzmir-Bakı qardaşlığının 40 illiyi münasibətilə hazırlanan yubiley tortunun kəsildiyi qəbul mərasimi ilə başa çatıb”.

Konsert proqramı
Konsert proqramı

Qeyd edək ki, 40 illik yubiley tədbirlərinin təşkilati işləri İZAZDER sədr müavini Mustafa Atbaşın rəhbərlik etdiyi JFT Turizm və İZAZDER İşin İnkişafı Komitəsinin sədri Tamer Öztürkün koordinasiyası ilə həyata keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.