BAYRAQDAR MEDİA – “Bir il əvvəl biz yol ayrıcında dayanmışdıq. Biz dərk etdik ki, Qlobal Cənubun səsi qlobal qərar qəbulu prosesində çox vaxt kənarda qalır. Biz sadəcə masada əyləşmədik. Biz müzakirələri reallıqlarımızı, prioritetlərimizi və istəklərimizi əks etdirəcək şəkildə yenidən formalaşdırmağa çalışdıq”.
Bu sözləri Qlobal Cənub QHT Platformasının yeni seçilmiş Baş katibi Fuad Kərimli qurumun ilk Baş Assambleyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Qlobal Cənub Platforması regional təmsilçilik və ölkələr arasında daha sıx əlaqələndirmə sayəsində güclənəcək: “Bu platforma birlikdə çalışmaq, təcrübələri bölüşmək və qlobal müstəvidə icmaların maraqlarını müdafiə etmək üçün nadir bir imkan yaradır. Biz idarəetmə strukturumuzun gücləndirilməsinə, kommunikasiya və təbliğat işlərimizin təkmilləşdirilməsinə, habelə beynəlxalq təşkilatlar və digər maraqlı tərəflərlə strateji tərəfdaşlıqların qurulmasına diqqət yetirəcəyik. İnanıram ki, birlikdə çalışaraq böyük nailiyyətlər əldə edə bilərik. Biz Qlobal Cənubun səsini ucalda, ona hörmətlə yanaşılmasını təmin edə və prioritetlərimizin qlobal siyasət və çərçivə sənədlərinə daxil edilməsinə nail ola bilərik. Məhz “Qlobal Cənub” ölkələrinin kollektiv fəaliyyəti qlobal təmsilçilik balansını dəyişə və onların beynəlxalq proseslərə təsirini gücləndirə bilər”.
F.Kərimli qurum rəhbərliyinin yeni üzvü kimi üç strateji vəzifəyə toxunub: “Birincisi, biz ən yaxşı təcrübələr mərkəzinə çevrilməliyik. Asiya, Afrika, Latın Amerikası və Sakit Okean bölgəsi sosial islahatlar üçün diqqətəlayiq modellərə malikdir və bulud platformamız bu uğur hekayələrinin mübadiləsini sistemli, sürətli və təsirli edəcək. İkincisi, strateji düşüncə mərkəzidir. Biz dünya miqyasında ən mürəkkəb problemlərə mürəkkəb həllər hazırlayan və təşviq edən qabaqcıl intellektual liderlik mərkəzinə çevriləcəyik. Nəhayət, potensialın gücləndirilməsi dəstəyi”.






İlk şərhi yaza bilərsiniz