Press "Enter" to skip to content

Molla-Ariyançı İran dövrü və Güney Azərbaycan Milli Hərəkatı – 4-cü yazı

Faiq Ələkbərli

Faiq Ələkbərli (Qəzənfəroğlu),
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

Xüsusilə 22 may 2006-cı ildə İran dеyilən məmləkətdə baş vеrən milli hərəkat bu rеjimə vurulan ən ağır zərbə oldu. “Ya istiqlal, ya ölüm!”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!”, “Haray, haray, mən Türkəm!”, “Qalx ayağa, Azərbaycan!”, “Azərbaycan var olsun, düşmənləri yox olsun!”, “Türk dili, İranda rəsmi dövlət dili olmalıdır!” kimi şüarlarla başlayan bu hərəkat təkcə “İran”da dеyil, bütün dünya dövlətlərində geniş əks-səda doğurdu.

28 may 2006-cı ildə İslam Milli Şurasının qarşısında gerçəkləşən nümayişdə oxunmuş olan bildiri Azərbaycan türk milli hərəkatının önəmli tarixi bir sənədi hesab oluna bilər. Həmin sənəddə göstərilirdi ki, son 100 ildə İrandakı millətlər, xüsusilə də türklər fars irqçiliyinin mədəni, siyasi, iqtisadi sahələrdə şovinizmi və ayrımçılığı ilə üz-üzə qalmış, türk dilinin və mədəniyyətinin yox edilməsi üçün hər şey edilmişdir. Ən əsası odur ki, bölgənin 7 min illik tarixi deyil, ancaq 2500 illik Ariyan-Fars tarixi, mədəniyyəti təbliğ olunmuş, digər xalqlar, o cümlədən türklər gəlmə və vəhşi xalq olaraq tanıdılmışdır.

Pəhləvilər dönəmində türk xalqına və digər xalqlara edilmiş haqsızlıqlar “İslam inqilabı”ndan sonra da davam etdirilmiş, Konstitusiyanın 15, 19 və 20-ci maddələrində fars olmayan digər xalqlarla bağlı yer alan məhdud haqlar da gerçəkləşməmişdir. Nümayişçilərin İslam Şura Məclisinin qarşısında da əsas iki tələb: 1) Türk dilinin rəsmən tanınması; uydurma “Azəri dili”nin dövlət orqanlarında, ölkənin rəsmi yazışmalarında önlənməsi; ibtidai məktəbdən başlayaraq universitetədək ölkənin türklərin yaşadığı bölgələrində ana dilində təhsil; 2) Türkcə yayımlar yapan ölkə çaplı radio-televizya mərkəzinin qurulması; Türk dil və ədəbiyyat qurumunun, ölkə universitetlərində Türk dili bölümələrinin qurulması, irəli sürmüşdü.

Eyni zamanda, nümayişçilər Konstitusiyanın 15, 19 və 20-ci maddələrində fars olmayan digər xalqlarla bağlı yer alan haqların gerçəkləşdirilməsini, Bəzz-Babək qalasına yürüşlərin bərpa edilməsini, Azərbaycan Millətinin Haqlarını Müdafiə Şurasının yaradılmasını, Azərbaycan türkcəsində kağız paraların basılmasını, Türkiyə ilə Azərbaycan arasında dostluq evinin qurulmasını, Azərbaycan ziyalılarına, dövlət xadimlərinə abidələrin ucaldılmasını və digər milli məsələləri də irəli sürmüşlər.

May hadisələri Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti parlamentlərində geniş şəkildə müzaklirə olundu və rəsmi Tehranın nümayişçilərə qarşı amansız davranışları qınandı. Günеy Azərbaycandakı milli hərəkat yenidən dünya siyasi müstəvisinə daxil oldu. Bеlə ki, artıq 26 iyun 2006-cı ildə Avropa Birliyinin üç komissiyasında “İran”la bağlı müzakirə gündəmə gətirildi. Bunlar – İnsan Haqları Komissiyası, Təhlükəsizlik Komissiyası, Avropa Birliyinin İran üzrə Xüsusi Komissiyası – İranda yaşayan Azərbaycan türklərinin, ərəblərin, kürdlərin və bəlucların, hətta İran İslam rejiminə müxalif olan fars nümayəndələri də dəvət еdilərək müzakirələrdə iştirak еtdilər. Bu tədbirdə qəbul edilən bəyanatda Günеy Azərbaycanla bağlı məsələlər də öz əksini tapdı. Bundan sonra, ABŞ Dövlət Dеpartamеnti və Avropa Parlamеnti də Günеy Azərbaycan türklərinin, eləcə də digər xalq və еtnik qrupların hüquqlarının pozulması ilə bağlı bəyanat vеrdi.

22-28 may 2006-cı il may (xordad) hadisələrindən sonra Azərbaycan milli hərkatının əsas diqqət mərkəzində 2011-ci ildən etibarən Urmiya gölünün sürətlə quruması və hökumətin bu məsələyə biganə yanaşması olmuşdur.

Beləliklə, yeni dövrdə bütöv Azərbaycan ideyasına bu və ya digər şəkildə bağlı olan Azərbaycanın güneyində və quzeyində Azərbaycan Demokrat Firqəsi (ADF), Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı (CAMAH), Güney Azərbaycan Milli İstiqlal Cəbhəsi, Güney Azərbaycan Aydınlar Birliyi, Dünya Azərbaycanlıları Konqresi (DAK-1, DAK-2), Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH), Yeni GAMOH, Bütöv Azərbaycan Birliyi (BAB), Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi, Güney Azərbaycan Milli Birlik Şurası, Bütöv Azərbaycan Ocaqları (BAO), Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP), Azərbaycan Qurtuluş Təşkilatı, Vahid Müstəqil Azərbaycan Cəbhəsi, Azərbaycan İstiqlal Şurası, Azərbaycan Demokratik Milli Birlik Şurası, Bütöv Azərbaycan Hərəkatı (BAH), Azərbaycan Öyrənci Hərəkatı (AzÖH), Güney Azərbaycan Demokrat Partiyası (GADP), Azərbaycan Milli Dirəniş Hərəkatı (AMDH), Azərbaycan Siyasi Quruluşlarının Əməkdalıq Platforması və başqaları meydana çıxdı.

Bu gün Güney Azərbaycan türklərinin birinci müttəfiqi məhz çağdaşlıq, onun mahiyyətini əks etdirən demokratiya və insan haqları məsələsidir. Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsiinin rəhbərlərindən olmuş Böyük Rəsuloğlu bununla bağlı yazır: “Şovinizmin beynəlxalq səviyyədə əleyhimizə apardığı siyasi fəaliyyətə… qarşı ən dəyərli silah radikallıq, yıxıcılıq deyil, demokratiyadır. Güney Azərbaycan Milli Hərəkatı indiki anda yalnız beynəlxalq hüquq normalarından, milli müqəddəratımızı təyin hüququndan istifadə edərək fars şovinizmini diz çökdürə bilər… Bizim öz daxilimizdəki çatışmazlıqları gizlətmədən açıqlayıb, analiz edib çarə yolu tapmağımız Hərəkatımızın gələcəyinin təminatıdır”. Böyük Rəsuloğlu onu da yazır ki, “Bu gün fars şovinizmi bir dar boğazdan keçir və qurtulacağı yoxdur”.

Bu anlamda Azərbaycan Mərkəzli Türkçü Düşüncə Sistemi ideyasının müəllifi, siyasi-milli fəal, ideoloq Arif Kəskinin də baxışları maraqlıdır: “İstiqlal və Bütövlük problemimiz həll olunduqdan sonra da Azərbaycan və Azərbaycanlılıq olqusu davam edəcək. Bu yöndən baxıldığında istiqlal və bütövlük bir dönəmsəl problemdir. Ancaq Azərbaycan və Azərbaycanlılıq isə tarix boyu davam edən bir olqudur”.

A.Kəskinə görə, bu o anlama gəlir ki, azərbaycanlılığın ön plana çıxması fonunda artıq Azərbaycan türkləri, eləcə də digər bəzi xalqlar üçün “iranlılıq” paradiqması çökməkdədir. O, yazırdı: “İran İslam Cümhuriyyətinin bir siyasi rejim olaraq məşrutiyyət böhranı şiə-islam böhranını da doğurmuşdur. İranda şiə-islamın siyasi müstəvidə böhranı iranlılıq kimlyini də tənəzzülə uğratmışdır. Çünki şiə-islam sistemi iranlılıq kimliyinin təməl nöqtəsi olmuşdur. İranlılıq kimliyinin təməl nöqtəsi olan şiə-islam sisteminin böhrana girməsi ilə iranlılıq kimliyinin tənəzzülü başlamışdır”. A.Kəskinə görə, iranlılığın çöküşü fonunda Güney Azərbaycan Milli Hərəkatı dominant bir hala gəlmişdir.

Güney Azərbaycanın başqa bir milli fəalı Rza Kəskin “Türk dili və İran kimliyi” (2000) kitabçasında yazır ki, “İran” cəmiyyətində ciddi böhran var və onu aradan qaldırmağın tək yolu dəyişikliklərin olmasıdır. Bunun üçün ilk növbədə, farsçılıq əsasında təşəkkül tapmış İran milli kimliyinə, İran milləti anlayışlarına yenidən baxılmasını zəruri hesab hedan R.Kəskinə görə, türk dilində yazıb yaratmaq istəyənlərə, türk mədəniyyətini təbliğ edənlərə bölücü, şovinist kimi baxmaq doğru deyildir.

Prof. M.Zehtabi ilə birlikdə 1986-cı ildə Azərbaycan Mədəniyyət Ocağını yaradan, Azərbaycan Milli Hərəkatının son dövrlərdə ən fəallarından biri olan Həsən ağa Dəmirçi Azərbaycani İran İslam rejimi tərəfindən daim təqiblərə və həbslərə baxmayaraq, heç bir zaman bu yoldan geri çəkilməmişdir. H.Dəmirçi də hesab edirdi ki, Azərbaycan türkləri qəsb edilmiş bütün haqlarını geri qaytarmalıdır.

Tanınmış ziyalı, prof. Nəsib Nəsibliyə görə Güney Azərbaycan Milli Hərəkatının daxilindəki cərəyanlar arasında (mədəni muxtrariyyət, milli məhəlli muxtariyyət və ya federallaşma, milli istiqlal və b.) ən doğru olan istiqlalçılıqdır. Onun fikrincə, 1925-ci ildən etibarən İranda hakimiyyəti ələ alan İran Pəhləvilər və İran İslam rejimlərinin türklərə, o cümlədən Azərbaycan türklərinə qarşı apardığı 100 illik assimlyasiya və məhvetmə siyasəti bundan başqa yolun nəticəsiz olduğunu ortaya qoyur.

N.Nəsibliyə görə, Azərbaycan Milli Hərəkatının uğur qazanması üçün milli qüvvələr, ilk növbədə “İran” xaricindəki “sağ” və “sol” dairələr Azərbaycan türk xalqının azadlığı naminə bir araya gəlməyi bacarmaldır.

İkincisi, milli qüvvələr federalçılıq, istiqlalçılıq, kültürçülük məsələlərində konkret yol tutmalı, müəyyən bir mexanizmlə, dəlillərlə öz işini aparmalıdır.

Üçüncüsü, proqram sənədlərini qaydaya saldıqdan sonra taktik məsələlər işlənib hazırlanmalı, konkret bir xətt üzərində işə davam edilməlidir.

Dördüncüsü, milli qüvvələrin koordinasiya mərkəzi olmalı;

Beşincisi, ölkə daxilində təşkilatlanma işi sürətlənməlidir.

Altıncısı, federalçılar və istqilalçılar milli burjuaziyanı milli işə cəlb etməlidir.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, tanınmış ziyalı, millət vəkili Sabir Rüstəmxanlı isə hesab edir ki, Güney Azərbaycan türklərinin gələcəyi ilk növbədə öz əllərindədir və türk birliyinin yolu da Güney Azərbaycandan, Azərbaycanın bütövlüyündən keçir: “DAK bir məslək işidir. Orada toplaşanlar, Bütöv Azərbaycan uğrunda mübarizə aparan, haqq səsinizi dünyaya çatdıran cəfakeş insanlardır”.

S.Rüstəmxanlı “İran”ın dini rəhbəri S.Ə.Xameneyiyə ünvanladığı açıq məktubunda da göstərirdi ki, Quranda belə xalqların təbii haqları tanındığı, aqibətlərinə görə hər bir xalqın özünün cavabdehlik daşıdığı halda, indiki İran İslam rejimi buna əməl etmir: “Quranda hər bir türk insanının baş ucundan asılması gərəkən ayələr çoxdur. Məsələn, 2-ci surənin 30-cu ayəsində açıq-aşkar deyilir ki, xalqlar öz aqibətlərinə görə məsuliyyəti özləri daşıyırlar. Zülmə dözüb başqasına boyun əyənlər öz bədbəxtliklərini yaxınlaşdıranlardır. Bunu bilə-bilə bizim milləti niyə zülmə və farslaşdırma siyasətinə dözməyə məcbur edrisiniz?”.

Daha sonra S.Rüstəmxanlı doğru yazır ki,Azərbaycan türkləri hər zaman mənəvi dəyərlərə yüksək qiymət verən, mərhəmətli bir xalqdır: “Hakimiyyət onların əlində olanda İranda bütün millətlərin inkişafı üçün şərait yaradıb. Lakin Pəhləvi rejimi türk idarəçiliyinin bu tolerantlıq ənənələrini məhv etdi və bu yolla İran dövlətinin mənəvi dayaqlarını sarsıtdı. Bu gün də ölkənizin müxtəlif mətbuat orqanlarında türklər təhqir olunur, buna etiraz edən soydaşlarımız isə dəstə-dəstə zindanlara atılır, adi haqlarını tələb etdiklərində dəhşətli işgəncələrə məruz qalırlar. Bu onu göstərir ki, “İslam Cümhuryyəti” adına qurulmuş indiki hakimiyyət türklərə münasibət baxımından Pəhləvi rejimindən heç nə ilə fərqlənmir”.

Mission News Theme by Compete Themes.