Bayraqdar.info – ABŞ-ın Oklahoma ştatı ilə “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində qurulmuş əlaqələrin 20 illiyi tamam olur. Bu münasibətlə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ştata səfər edib.
Bu barədə bayraqdar.info-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən mılumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Oklahoma ştatının qubernatoru Con Kevin Stitt, Oklahoma Milli Qvardiyasının briqada generalı Tomas Mançino, kənd təsərrüfatı katibi Bleyn Artur və ticarət katibi Skot Müller ilə görüş keçirilib: “Görüşdə Azərbaycanla Oklahoma ştatı arasında əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Qubernator Stitt 2021-ci ildə Azərbaycana səfərinin və həmin səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşünün çox məhsuldar olduğunu qeyd edib. Ştatla Azərbaycan arasında hərbi əməkdaşlıqla yanaşı, iqtisadi və humanitar sahədə əməkdaşlığın önəmi vurğulanıb”.
O da qeyd edilib ki, görüşdən sonra səfir Xəzər İbrahim qubernatorla birgə ştatın yerli “KWTV 9” və “KOCO Channel 5” kanallarına müsahibə verib.
X.İbrahim, həmçinin Oklahoma Dövlət Universitetinə (ODU) baş çəkib.





