BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) yaranmasının 43-cü ildönümü münasibətilə Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın məzarüstü abidəsi önündə anım mərasimi təşkil olunub.
Bu barədə verilən məlumatda deyilir ki. mərasimdə KKTC Cümhurbaşqanı Tufan Erhürman, Cümhuriyyət Məclisinin sədri Ziya Öztürkler, Baş nazir Ünal Üstel, Ali Məhkəmənin sədri Bertan Özerdağ, ölkənin ikinci prezidenti Mehmet Ali Talat, Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçeri, eləcə də hərbi və mülki rəsmilər iştirak ediblər.
Tədbirə müxalif Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Sıla Usar İncirli, nazirlər, deputatlar, bələdiyyə sədrləri, Rauf Raif Denktaşın ailə üzvləri və Ankara Klubu Dərnəyinin Seymen qrupu da qatılıb.
Mərasim KKTC Cümhurbaşqanı Tufan Erhürmanın Denktaşın məzarüstü abidəsi önünə əklil qoyması ilə başlayıb. Daha sonra bir dəqiqəlik sükut elan edilib, İstiqlal Marşı səsləndirilib və bayraqlar qaldırılıb. Cümhurbaşqanı Erhürman xatirə kitabını imzalayaraq Denktaşın xatirəsini ehtiramla yad edib.
Erhürman xatirə kitabındakı qeydində Rauf Raif Denktaşın Kıbrıs türk xalqının varlıq mübarizəsinə rəhbərlik etdiyini, xalqa özünəinam, inam və mübarizə əzmi aşıladığını vurğulayıb. O, Denktaşın liderliyinin tarixdə silinməz iz qoyduğunu bildirərək qurucusu olduğu Cümhuriyyətin bu gün 43 yaşına çatdığını qeyd edib.
Cümhurbaşqanı həmçinin insan hüquqlarına, ədalətə və bərabərliyə əsaslanan gələcəyin qurulmasının, Kipr türk xalqının ləyaqətinin qorunmasının əsas vəzifələri olduğunu bildirib. O, ölkə uşaqlarının insan ləyaqətinə uyğun şəraitdə yaşaması üçün səylərin davam etdiriləcəyini vurğulayıb.






İlk şərhi yaza bilərsiniz