Bayraqdar.info – Mayın sonlarından başlayaraq Azərbaycanda taxıl biçininə başlanacaq. Hazırda taxıl sahələrinə gübrə verilməsi prosesi davam edir. Bu barədə aprelin 4-də bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib.
“Taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına təsir göstərən əsas amillərdəndir. Bu səbəbdən fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidir. Bu fikirləri Nazirliyin Aparat rəhbəri Rəfail Quliyev Ağdam, Bərdə və Tərtər rayonlarında fermerlərlə keçirilən görüşlərdə deyib.
“O bildirib ki, hazırda Respublikanın taxıl əkini sahələrində karbamid gübrəsindən daha geniş istifadə olunur. Karbamid gübrəsinin əvvəllər daha geniş istifadə olunan ammonium şorasından bir sıra üstün cəhətləri var. Karbamid gübrəsi bitkinin kollanma əmsalını artırır, eyni zamanda bitkinin yaşıl qalma müddətini uzadır. Bu isə nəticədə dənin daha yaxşı dolmasına, sünbülün yaxşı inkişaf etməsinə, keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olur.
“Ağdam, Bərdə və Tərtər rayonlarının ölkənin pambıqçılıq rayonlarından olduğunu xatırladan .R.Quliyev bildirib ki, aprel ayının ikinci on günlüyündən başlayaraq pambıqçılıq rayonlarında çiyid səpininə başlanacaq. Əkinə, hazırlıq prosesinin düzgün təşkili mövsümün sonunda fermerlərə daha çox gəlir əldə etməyə imkan verir. Aqrar Subsidiya Şurası məhsul istehsalını stimullaşdırmaq məqsədilə pambıqçılığa subsidiyaların verilməsi qaydalarında dəyişiklik edib. Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar. Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Məhsul subsidiyası almaq üçün fermerlərin torpaq mülkiyyətindən asılı olmayaraq EKTİS-də öz əkinlərini bəyan etməsi kifayətdir.
“Eyni zamanda pambıq şirkətləri ilə aparılan müzakirələrə əsasən, xam pambığın alış qiyməti bu il də 50 manat artırılıb. Bununla da 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata alacaqlar. Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri tərəfindən pambığın alış qiymətinin artırılması məsələsinə bir daha baxılacaq”, – deyə R.Quliyev deyib.
Daha sonra xəbərdə qeyd edilir ki, görüşlərdə taxıl sahələrində mövcud durum, payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.
“Tədbirlərdə Aqrar Kredit və İnkişaf Agentliyinin, “Aqroservis” ASC-nin nümyandələri, Nazirliyin yerli qurumlarının rəhbərləri, suvarma sistemləri idarələrinin nümayəndələri, yerli icra strukturunun rəhbərləri və digər rəsmi şəxslər iştirak edirlər. Analoji formatda görüşlərin qrafik üzrə digər rayonlarda da keçirilməsi nəzərdə tutulur”. Xəbərdə belə deyilir.









