Bayraqdar.info – “Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər ölüb. Hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir”. Bu məlumat aprelin 4-də bayraqdar.info-ya TƏBİB-dən daxil olub.
Məlumatda bildirilir ki, reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
“Qeyd edək ki, tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırılır”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, aprelin 3-də gecə saatlarında Bakının Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsindəki gecə klubunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər xəsarət alıb, ətrafdakı tikililərə və avtomobillərə zərər dəyib.
Baş Prokurorluqdan bayraqdar.info-ya daxil olan məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmış, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.
“Partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova). 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
“Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd edilir.





