Bayraqdar.info – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstanın mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov arasında görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya aprelin 4-də Fonddan məlumat verilib.
Bildirilib ki, görüşdə Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın üzv ölkələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin, türk xalqlarının qədim mədəni mənəvi dəyərlərinin beynəlxalq aləmdə təbliğinə, eləcə də Türk Dünyasının həmrəyliyinə töhfə verəcəyini vurğulayıb: “G.Əfəndiyeva Qırğızıstanın mədəni irsinin tanıdılması yönündə Fond tərəfindən həyata keçirilmiş layihələrdən söz açıb. Fondun prezidenti təşkilatın qurucu üzv dövlətlərindən biri olan Qırğızıstanla mövcud tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin əhəmiyyətindən bəhs edib”.
Qeyd edilib ki, Qırğızıstanın mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının zəngin tarixinin, mədəniyyətinin qorunması, öyrənilməsi, eləcə də onlar arasındabirliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. O, təşkilat ilə əməkdaşlığa xüsusi önəm verdiyini söyləyib: “Nazir Fondun görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığının tanıdılması çərçivəsində gördüyü işləri təqdirəlayiq hesab etdiyini bildirib. O, eyni zamanda Fondun prezidentini Qırğızıstana rəsmi səfərə dəvət edib”.
Görüş tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.





