Bayraqdar.info – “Nüvə texnologiyası və müvafiq metodlardan istifadə etməklə taxıl bitkilərinin (buğda, arpa, qarğıdalı və s.) seleksiyası və istehsalında təkmilləşmiş təcrübələrin tətbiqi” mövzusunda seminar keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə təşkilatçılığı ilə keçirilən seminarda AEBA-nın eksperti, beynəlxalq məsləhətçi Mohammad Zaman, Nazirliyin müvafiq şöbə və qurumlarının nümayəndələri, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun əməkdaşları, AEBA-nın Azərbaycanda həyata keçirdiyi layihələr üzrə milli koordinatoru Nəzakət İsmayılzadə iştirak edib.
Bu barədə bayraqdar.info-ya aprelin 4-də Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Tədbirdə çıxış edən Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin artan rolunu vurğulayıb və ərzaq təhlükəsizliyinin təmin edilməsində aqrar sahənin dayanıqlı inkişafının əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirilib ki, son illərdə qlobal səviyyədə baş verən iqlim dəyişikliyi səbəbindən suvarma suyunun çatışmazlığı, quraqlıq, yüksək temperatur və yağıntıların azalması məhsul istehsalında riskləri artırır. Sahənin dayanıqlı inkişafının təmin edilməsi, eləcə də risklərin azaldılmasında stress faktorların (quraqlıq, istilik, duz, zərərverici, xəstəlik və digər) davamlı bitki sortlarının yaradılması, həmçinin seleksiya işlərində nüvə texnologiyasının və müvafiq metodların istifadəsinin tətbiqinin əhəmiyyəti qeyd olunub.
“Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Fərman KərimovRespublikada taxılçılığın vəziyyəti və qlobal iqlim dəyişiklikləri fonunda su çatışmazlığı ilə bağlı məlumat verib.
““Taxıl bitkilərinin seleksiyası və yetişdirilməsində nüvə texnologiyası və müvafiq metodların tətbiqi” mövzusunda təqdimatla çıxış edən AEBA-nın eksperti Mohammad Zaman seleksiya işlərində nüvə texnologiyasının tətbiqi təcrübəsi, təklif edilən texnologiyanın seleksiya prosesinin qısaldılmasında rolu və əldə edilmiş nəticələr barədə danışıb.
“Tədbirdə Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova “Azərbaycanda taxıl bitkilərinin (buğda arpa və qarğıdalı) məhsuldarlığını və məhsulun keyfiyyətini artırmaq üçün həyata keçirilən layihələr”, Əkinçilik Elmi-tədqiqat İnstitutunun direktoru Faiq Xudayev “Azərbaycanda taxıl istehsalının vəziyyəti: qabaqcıl kənd təsərrüfatı metodlarının tətbiqinə ehtiyac”, milli koordinator Nəzakət İsmayılzadə “AEBA-nın Azərbaycanda həyata keçirdiyi layihələr və əldə edilmiş nəticələr” mövzusunda təqdimatlarla çıxış ediblər.
“Tədbir “Nüvə və müvafiq texnologiyalardan istifadə etməklə torpaq, su və qida maddələrinin səmərəli istifadəsi vasitəsilə dayanıqlı buğda və qarğıdalı istehsalı üçün strateji məsələlər” mövzusunda müzakirələrlə davam etdirilib. Müzakirələrin nəticəsi olaraq taxıl istehsalında məhsuldarlığın artırılmasında və istehsalın dayanıqlılığının təmin edilməsində stress amillərin davamlı taxıl sortlarının, nüvə texnologiyasının və müvafiq metodların tətbiqi ilə alınmasında AEBA ilə əməkdaşlıq çərçivəsində yeni layihənin həyata keçirilməsinin vacibliyi vurğulanıb”, – deyə KTN-in xəbərində bildirilir.









