Press "Enter" to skip to content

Ekspertdən maraqlı dəyərləndirmə

Əkbər Qoşalı

Əkbər Qoşalı: Suriyada baş verənlər Ermənistan üçün də bir dərs olmalıdır

BAYRAQDAR MEDİA – “Son günlər gündəmi Suriya tutub desək yanlış olmaz. Bununla belə, Suriya mövzusunda bir istiqamət hələ gərəyincə diqqətə alınmamaqdadır. Mən Suriya və Ermənistan bağlamında ediləcək vurğuları nəzərdə tuturam”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.

O, qeyd edib ki, Suriya da, Ermənistan da sərhədləri xətkeş-pərgarla çəkilən, bir baxıma, qurama dövlətlər olub: “Hər iki ölkə Fransa ilə bu və ya digər bağlara malikdir, yaxud malik olub. XX yüzil tarixindən bildiyimiz kimi, Osmanlıdan ayrılan Suriya, “Fransız mandat”ına keçmişdi və bu “mandat” 28 iyun 1922-ci ildən 01 yanvar 1925-ci ilədək mövcud olsa da, Fransa, sonrakı onillər boyu da Suriya sevdasını ürəyində dəfn edə bilməyib. Ermənistan isə SSRİ dağılar-dağılmazdan Fransanın açıq təzahür edən maraq dairəsindəki yerindən cilvələnməkdədir”.

Açıqlamada vurğulanıb ki, Suriya türkmanlarının, başqa deyilişlə, Suriya azərbaycanlılarının, yaxud Suriya türklərinin başına gətirilənlər, Ermənistanda azərbaycanlıların başına gətirilənlərlə eyniyyət təşkil edir: “BƏƏS Suriyası, özəllikə son illərki Suriya rejimi də, soydaşlarımızı didərgin salıb, haqq-hüquqlarını tanımayıb – necə ki, Ermənistan 300 min azərbaycanlını öz dədə-baba torpaqlarından – İrəvan, Göyçə, Zəngəzur və b. yerlərdən (Qərbi Azərbaycandan) didərgin salmışdır… Əsəd rejimi kimi, Köçəryan, Sərkisyan rejimi öndə olmaqla Ermənistan hakimiyyəti də, türklərə, Türk dünyasına münasibətdə düşməncə davranıblar. Bu günün Ermənistanı potensial Suriyadır…”

Ə.Qoşalı qeyd edib ki, bizim yaxın coğrafiyada xarici güclərin maraq dairəsinin kəsişməsinə, xarici ölkələrin hesablaşma yerinə çevrilən ölkələrin ilk ikisi Suriya və Ermənistandır: “Ona görə də hal-hazırda Suriyada baş verən hadisələr fonunda, Qafqazda hər hansı bir ölkənin adı çəkilməlidirsə, o ölkə Ermənistan olmalı”.
Müsahibimiz bildirib ki, habelə, Ermənistan yalnız Türkiyəylə münasibətdə deyil, digər qonşularla münasibətdə də sabitqədəm, konstruktiv bir mövqe nümayiş etdirməyib: “Ona görə də, Suriyada baş verənlər, özəlliklə, Hafiz Əsəd rejiminin başına gələnlər, Ermənistan və Ermənistan hakimiyyəti üçün də bir dərs olmalıdır”.

Mission News Theme by Compete Themes.