Press "Enter" to skip to content

Biz bizik – başqırdlarıq; Ulusa baş yurdlarıq

BAYRAQDAR MEDİA 1919-cu ildə Sovet Qırmızı Ordusu tərəfindən öldürülmüş gənc başqırd şairi Şeyxzadə BABİÇin (1895-1919) şeirlərini təqdim edir. Şeirləri başqırd türkcəsindən Azərbaycan türkcəsinə Həyat ŞƏMİ uyğunlaşdırıb.

Bir anda

Bir anda daşdı ürəyim,
Bir anda coşdu, od tutdu.
Gah yandı, gah da alışdı,
Gah da dondu
bir andaca…
Gözümdə nur oldu dünya,
Yandı köksüm, yandı sinəm,
Parçalandı dönə-dönə,
Yaxşı ki, yandı ürəyim,
yandı yenə.
Bu könül odlu könüldür,
Çılğındır, ruhlu könüldür,
O yanır, amma qəm çəkmir,
Qoyun yansın,
sevincdəndir…
Yanır könlüm, söndürməyin,
O yandıqca nur çiləyər,
Süzülsün yanaqlarımdan.
Göz yaşlarım, su səpməyin,
Damcı-damcı axsın, axsın…
Süzülün, ey göz yaşlarım!
Alov-alov və hər zaman,
Yan sən də, ağaran sinəm,
Dərdlərə dağ olan sinəm!

Torpaq

Torpaq bizim anamızdır,
Biz torpağın balası…
Torpaq doğma, can torpaq,
Canımızda qan torpaq.

Torpaq bizim atamız,
Biz ondan yaranmışıq.
Torpağı anlamamaq –
Böyük xatamız.

Torpaq başqırdın baxtı,
Bəxtəvərlik taxtıdır.
Torpaq durduqca bu xalq
Hər vaxt olacaq.

Torpaq qəhrəmanlarla
Yenə dolub-daşandır.
Ağ qu quşu şairlər
Onlara şeir qoşandır:
Hər aslan yuvasına
Zəfərlə qayıdacaq.

Torpağı qucaqlayaq,
Sahib durub qoxulayaq.
Torpaq getsə, neylərik? –
Biz də köçüb gedərik…

Salavat batır

Salavat neçə yaşında?
Yaşıl papağı başında.
(xalq mahnısından)…
Salavat bir qəhrəmandır,
Salavat bir pəhləvandır.
Mübariz, cəsur qəhrəman,
Yenilməz pəhləvan.
Salavat igid aslandır,
Salavat igid asılan…
Aslanlar kimi döyüşdü,
Hədəfə atdığı oxu –
Düşmənin içinə düşdü,
Çoxunun gözünə batdı.
Salavat – Uralın balası,
Könüllərin Kəbəsidir.
Cismi qara torpaqdadır,
Ruhu mavi səmalarda.
Salavat dava qurtaran,
Salavat yağı qaytaran.
Qılıncından dağ oynadı,
Nərəsindən göl qaynadı.
Salavat bizimlə yaşıd,
Salavat bizimlə yaşar.
Qanı bizə əmanətdir,
Cismi torpağa əmanət.
Salavat əhd yerimizdir.

Biz

Biz bizik – başqırdlarıq,
Ulusa baş yurdlarıq.
Bizdə inci, bizdə gövhər,
Bizdə toxum – bizdə cövhər.

Bizdədir dibsiz səhralar,
Görənlərə cənnət diyar.
Hər yeri cənnət qoxulu,
Çiçəkləri çoxlu-çoxlu.

Burada quşlar oxuyar,
Göldə qamışlar oxuyar,
Boyundan uzun qamışlar,
Tamaşadır, bir tamaşa.

Bizdə qalın meşələr,
Bizdə şanlı Ural – ulu.
Uralın altı qızıldır,
Başı şəfqətlə dolu.

Qədərini hiss et, başqırd,
Adını anla, başqırd.
Altındakı bu taxtla,
Gələcəyin altundur.

Mission News Theme by Compete Themes.