Zaur İbrahimli: İctimai iştirakçılıqla bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır
BAYRAQDAR MEDİA – “229 respondentin ictimai iştirakçılıq və vətəndaş nəzarəti ilə bağlı rəyi öyrənilib. Sorğunun əsas nəticələri göstərir ki, respondentlər arasında ictimai iştirakçılıqla bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır. Yalnız 28,4 faiz tam məlumatlı olduğunu bildirib”.
Bunu “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsinin eksperti Zaur İbrahimli deyib.
O, bildirib ki, “İctimai iştirakçılıq haqqında” Qanunu ilə bağlı isə cəmi 3,5 faiz respondent ətraflı məlumata malikdir: “Bu, qanunvericilik sahəsində ciddi bir informasiya boşluğu olduğunu təsdiq edir. Məlumat mənbələri baxımından sosial şəbəkələr (61,1 faiz) dominant rol oynayır. Bu, informasiyanın sürətli yayılmasına kömək etsə də, səthi məzmun və yalnız bizim baxış bucağımızı əks etdirən məlumatlar almaq təhlükəsi yaradır. Bu iştirakçılıq haqqında fərqli rəyləri, analizləri oxumaq imkanını məhdudlaşdırır. Həmçinin daha çox gerçək, məzmunlu, ilk mənbələrdən olan məlumatları deyil, rəylər ön planı çıxır”.
Z.İbrahimli əlavə edib ki, bilgi yox, rəylər daha çox əlçatan olur və əsas yön verir: “Bu isə iştirakçılıq haqqında bacarıqları, düşüncəni artıracaq informasiya almaq imkanının məhdudluğundan xəbər verir. Altruistik motivasiya (ictimai maraqların qorunması – 38 faiz) yüksək olsa da, praktik iştirakçılıq olduqca məhduddur. Son iki ildə respondentlərin 66,4 faizi heç bir ictimai tədbirdə iştirak etmədiyini bildiriblər. İştirakçılığa mane olan əsas səbəblər arasında nəticəyə inamsızlıq (32,8 faiz), qanunvericilik biliksinin olmaması (26,2 faiz) və əlçatanlıq problemləri (22,7 faiz) göstərilir. Vətəndaşlar ən çox dövlət nümayəndələri ilə birbaşa görüşləri (33,6 faiz) üstün tuturlar. Eyni zamanda, vətəndaşların 51,1 faizi dövlət-vətəndaş görüşlərinin intensivləşdirilməsini əsas çıxış yolu və islahat kimi qiymətləndirir.İctimai Şuraların tanınma səviyyəsi olduqca aşağıdır: respondentlərin 44,5 faizi az məlumatlı, 32,8 faizi isə heç məlumatı olmadığını bildirmişdir. Bu, institusional etimadsızlığın əsas səbəblərindən biridir”.





