BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində oktyabrın 10-da Xankəndi şəhərində sağlamlıq aksiyası təşkil edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Qarabağ bölgəsində mütəmadi keçirilən belə aksiyalar müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə keçirilir. Eyni zamanda, bu tədbirlər çərçivəsində əhalinin tibbi bilik və məlumatlıqlarının artırılması məqsədilə sağlam həyat tərzi mövzularında maarifləndirici aksiyalar baş tutur. SN Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın başçılığı ilə institutun bir qrup həkim briqadası, o cümlədən pulmonoloq, ftiziatr, kardioloq tərəfindən yerli əhali və bölgədə fəaliyyət göstərən mütəxəssislər üçün ətraflı müayinələr təşkil edilib”.
Ardınca xəbərdə, “aksiyada döş qəfəsi orqanlarının rentgeni, xarici tənəffüs funksiyalarının spiroqraf vasitəsilə diaqnostik müayinələr təşkil olunub. Eyni zamanda, Elektrokardioqramma (EKQ), Exokardioqrafiya (EXO-KQ), Mantu sınağı və arterial qan qazlarının tərkibinin təhlili aparılıb. Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub. Aksiya zamanı 320-ə yaxın Xankəndi sakini müayinədən keçiblər” deyə bildirilir.
Qeyd edək ki, SN tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.




