BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveytin ticarət və sənaye naziri Xəlifə Abdullah Dhahi Al-Ajeel Al-Askar ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Məlumata görə, görüşdə hər iki ölkənin iqtisadi əməkdaşlığının prioritet istiqamətləri nəzərdən keçirilib, ticarət və investisiyaların artırılmasının, biznes əlaqələrinin yeni təşəbbüs və layihələrlə şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb: “Azərbaycanın əlverişli biznes mühiti və sənaye zonalarında sərmayə imkanları barədə məlumat verilib.Su və tullantıların idarə edilməsi, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji və digər sahələrdə dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində əməkdaşlıq perspektivləri qeyd olunub”.
Nazir Küveyt Dövlətinə işgüzar səfəri çərçivəsində bu ölkənin neft naziri Tariq Süleyman Əhməd Al-Rumi ilə görüşüb: “Görüşdə ikitərəfli iqtisadi əlaqələrin gücləndiyindən məmnunluq ifadə olunub, ənənəvi və bərpa olunan enerji istiqamətində əməkdaşlıq, emal layihələrində iştirak perspektivləri dəyərləndirilib. Azərbaycanın regional və qlobal enerji layihələrində uğurlu təmsilçiliyi, dayanıqlı iqtisadiyyata keçiddə resursların səmərəli idarə edilməsi barədə mövqeyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan uzun illərdir enerji sahəsində sabit tərəfdaş kimi çıxış edir və regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Alshaya Group” şirkətinin sədri Məhəmməd Alşaya ilə görüşündə qlobal biznes mühitində yeni imkanlar və innovativ həllər sahəsində potensial əməkdaşlıq və qabaqcıl təcrübələrin ölkəmizə transferimüzakirə olunub: “Görüş zamanı Azərbaycanın əlverişli investisiya mühiti, regional bazarlara çıxış imkanları, turizm, ticarət və xidmət sektorlarının inkişaf perspektivləri barədə məlumat verilib. “Alshaya Group”un pərakəndə ticarət, ictimai iaşə və xidmət sahələrində beynəlxalq təcrübəsinin Azərbaycanda tətbiqi, yerli biznes subyektləri ilə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov səfər çərçivəsində “Bukhamseen Group Holding Company” şirkətinin sədr müavini və baş icraçı direktoru cənab Emad Buxamsin ilə görüş keçirib. Görüşdə qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.





