BAYRAQDAR MEDİA – Dohada Qətər Dövlətinin ev sahibliyi ilə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 11-ci İllik Toplantısı keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, AİİB-də Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov İllik Toplantının açılış mərasimində, rəsmi sessiyada, müdirlərin dəyirmi masasında iştirak edib, həmçinin bir sıra ikitərəfli görüşlər keçirib.
AİİB-in Müdirlər Şurasının rəsmi sessiyasında Bankın 12-ci İllik Toplantısının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov 2027-ci ildə AİİB-in İllik Toplantısının Bakıda keçirilməsi ilə bağlı qərara və ölkəmizə göstərilən yüksək etimada görə Müdirlər Şurasının üzvlərinə təşəkkürünü bildirib.
Qeyd olunub ki, bu nüfuzlu tədbirə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa və AİİB-yə üzv ölkələri birləşdirən ortaq məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. Azərbaycanın AİİB-in təsisçi üzvlərindən biri olduğu, Bankla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin ölkəmizdə infrastrukturun inkişafına və regional bağlantıların genişləndirilməsinə xidmət etdiyi bildirilib.
Tədbirdə Azərbaycanın AİİB-in “Gələcəyin infrastrukturu” missiyasına töhfə verəcək nəqliyyat, enerji və rəqəmsal bağlantı imkanlarına malik olduğu vurğulanıb. Bildirilib ki, 2027-ci il 14–15 iyul tarixlərində keçiriləcək İllik Toplantı Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş Xəzəryanı regionun infrastruktur və bağlantı məsələləri üzrə fikir mübadiləsinin genişləndirilməsi üçün mühüm imkan yaradacaq.
İllik Toplantı çərçivəsində keçirilən müdirlərin dəyirmi masasında AİİB ilə üzv ölkələr arasında gələcək əməkdaşlığın prioritetləri, Bank tərəfindən maliyyələşdirilməsi planlaşdırılan yeni investisiya layihələri, regional əməkdaşlıq və inteqrasiya imkanlarının genişləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi və infrastrukturun inkişafı məsələləri müzakirə olunub.






İlk şərhi yaza bilərsiniz