BAYRAQDAR MEDİA-nın 2 Fevral Gənclər Gününə özəl müsahibi Xaçmaz rayonu, Bostançı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Ulduzlar” Ədəbi Məclisinin üzvü, bədii qiraətçi Gülçəmən Həbibovadır.
-Gənclər sizin üçün nə ifadə edirlər?
-Gənclər yeni ümidlərin, yeni yolların, yeni başlanğıcların simvoludurlar.
-Siz də onların içindənsiniz – bugünkü gənclərin əsas üstünlükləri və çətinlikləri nədir?
-Bugünkü gənclərin üstünlükləri daha cəsarətli olmaları, öz haqlarını – hüquqlarını bilmələri, inkişafa daha açıq olmaları və ən əsası, texnologiyanın sürətlə inkişaf etdiyi və yayıldığı bir dövrdə yaşamalarıdır. Çətinlikləri isə bəzən seçim qarşısında qalaraq səhv etmələri, bəzən adi bir uğursuzluqlarında belə tez həvəsdən düşmələridir.
-Bu dövrdə şagirdlərin sevgisini və hörmətini qazanmaq necə mümkün olur və sizcə, onların sizi sevməsinin əsas səbəbi nədir?
-Düşünürəm ki, bir şagirdin sevgisini qazanmaq üçün hər şeydən öncə onu şəxsiyyət kimi görmək lazımdır. Hər səhvində, hər düzündə onun yanında olduğunu göstərmək, səhv ya doğru olsun, fərq etməz, hər bir halda fikirlərinə hörmətlə yanaşmaq. Səhvlərini belə deyərkən qəlbini qırmamaq. Bir sözlə, onu görmək istədiyin kimi yox, olduğu kimi qəbul etmək.
-“Ən çətin” şagirdi “qazanmağın” “ən asan” yolu nədir bəs?
-Əslində ən çətin şagirdlər bəzi müəllimləri tərəfindən görülməyən, bəzi müəllimləri tərəfindən onlara inanılmayan şagirdlərdir. Onlara “mən sənin yanındayam, sənin içindəki gücü də, sənin potensialını da görürəm” deməklə və ən əsası da sevgi və səbrlə yanaşmaqla.
-Deyəsən inadkarlığınız özəlliyinizdir. Müəllimlikdə və şagirdlərlə münasibətdə bu xüsusiyyət sizə necə kömək edir?
-Bəli, çox inadkaram. Amma düşünürəm ki, bu inadkarlığım mənimlə şagirdlərim arasında bir körpüdür. Bəzən onlar tez yorulur, bəzən kənar müdaxilələrə görə tez vaz keçə bilir, tez həvəsdən düşürlər. Amma mənim inadkarlığım onların vaz keçdiyi, özlərinə inanmadığı bir anda “sən bacaracaqsan” deməkdir.
-Şagirdlərdən bəzən “küsürsünüzmü”? Bu, sinif mühitinə necə təsir göstərir?
-Bəli, etiraf edirəm ki, şagirdlərimdən küsdüyüm hallar olub. Amma çalışıram ki, bu küskünlük uzunmüddətli olmasın, sinif mühitinə mənfi təsir etməsin. Həm də bu incikliyi, küsülülüyü anlayan şagirdlər səhvlərini anlayır, daha diqqətli olmağa çalışırlar. Eyni zamanda şagirdlər müəllimin incikliyini, küsülülüyünü özlərinə bir cəza kimi görməməlidir, əksinə bunu daha yaxşı düşünmək üçün bir fürsət kimi dəyərləndirməlidirlər.
-Hansı şagirdlər sizin üçün ən əziz, unudulmazdır və onlar sizə nələr öyrədiblər?
-Öyrənmək sözünü birtərəfli düşünmürəm, əlbəttə. Doğrudan da təkcə şagird müəllimindən öyrənmir ki. Bəzən müəllim də şagirdlərindən öyrənir. Mən də çətin şagirdimdən daha səbrli olmağı, bəzən öz yolunu tapmaq üçün mübarizə aparan şagirdimdən daha mübariz olmağı, bəzən daha cəsarətli olmağı öyrəndim. Amma bununla belə, mənim üçün bütün şagirdlərimin qəlbimdə özünəməxsus yeri var. Bu özünəməxsusluqları da onları mənim üçün unudulmaz edir.
-“Ulduzlar” Ədəbi Məclisində fəaliyyətiniz filoloq olaraq sizə nə qazandırır?
-“Ulduzlar” Ədəbi Məclisindəki fəaliyyətim bir filoloq kimi mənə yaradıcı insanlarla tanışlığı, ta uşaqlıqdan “Ulduzlar”ı tanıyanadək ürəyimdə arzu olaraq qalan şeir səsləndirmək cəsarətini, həyatın bütün yorğunluqlarını ataraq hüzur tapdığım bir mühit qazandırdı.
-Bədii qiraət sizin üçün sadəcə bir məşğuliyyət, gənclərlə ünsiyyət və müəllimlik işinizdə bir ilham mənbəyidir, yoxsa daxili aləminizi sözdə hiss edib səsə çevirməkdir?
-Bədii qiraətlə məşğul olmaq, hər şeydən öncə mənəvi cəhətdən özümə bir hədiyyəmdir. Həm ilham mənbəyi, həm də şagirdlərimlə ünsiyyətimin bir yoludur. Eyni zamanda düşünürəm ki, ədəbiyyata, şeirə olan marağım neçə-neçə şagirdimin qəlbinə toxunub, onlara da ilham mənbəyi olub, həm də bu sahəyə daha çox maraq oyatmağa xidmət edir.
-Filoloq olmaq müəllimlik və şagirdlərlə ünsiyyətinizdə sizə hansı üstünlükləri verir?
-Filoloq olmaq bir müəllimə şagirdləri ilə ünsiyyətdə çox böyük üstünlüklər qazandırır. Çünki filoloqlar sözün gücünü də, sözün insana təsirini də anlayan olur, fikrini daha dəqiq, daha aydın izah edirlər. Bu da sinifdə yanlış anlaşılmanın qarşısını alır.
Düşünürəm ki, yaxşı ki, bu ixtisası, bu peşəni seçmişəm. Düzgün və yerində seçdiyim sözlərlə şagirdlərimin qəlbinə yol tapmağı bacarmışam. Bir sözlə, filoloq olmaq müəllim kimi mənə şagirdlərlə ünsiyyətdə onları sözlə yaralamağı yox, sözlə sağaltmaq üstünlüyünü qazandırdı.
-Ədəbiyyatın gənclərin dünyagörüşündə rolu barədə nə düşünürsünüz?
-Ədəbiyyat gənclərimizin dünyagörüşünə bilavasitə təsir edən, onlarda empatiya qurmağı, daha dərin düşünməyi, həm insanları, həm ən əsası, özünü tanımağı öyrədir, deyərdim.
-10 il bağça müdiri kimi qazandığınız təcrübə bugünkü müəllim obrazınızda necə əks olunur?
-Bircə onu bilirəm ki, bu təcrübə məni sərtləşdirmədi. Əksinə, şagirdlərimlə ünsiyyətdə daha səbrli olmağıma, onlara qarşı daha anlayışlı və diqqətli davranmağıma bir vasitə oldu, şagirdlərimlə aramdakı qorxunu yox edərək güvən, etimad, etibar yaratdı. Üstəlik, bu günün şagirdləri üçün güvən, etimad və etibar öyrənməni daha da asanlaşdırır.
-Yaşayış yerindən kənarda işləmək sizdə hansı məsuliyyət və müstəqillik hissini formalaşdırıb?
-Yaşayış yerindən kənarda işləmək mənim üçün sadəcə iş yerini dəyişmək olmadı, bu, mənim üçün həm də bir insan kimi möhkəmlənmək idi. Tamamilə yad bir mühitdə, heç kimin köməyi olmadan ayaqda durmaq, qərar vermək və məsuliyyət daşımaq məni daxildən gücləndirdi. Hər gün özümə sübut etdim ki, çətinliklər məni zəiflətmir, əksinə, formalaşdırır. Bu məsuliyyət hissi məni müəllim kimi də böyütdü. Həm də qısa bir zamanda işlədiyim mühitdə və iş yoldaşlarım arasında etibar, hörmət və qəbul qazanmağıma səbəb oldu.
-Ata-anaların sizə münasibətini necə hiss edirsiniz və bu, işinizə necə təsir göstərir?
-Bu gün təhsilimizdə ən öndə duran məsələlərdən biri də valideyn-müəllim-şagird əməkdaşlığıdır. Bu əməkdaşlığın sağlam şəkildə qurulması tədrisin keyfiyyətinə də təsirini göstərir. Hər zaman çalışmışam ki, şagirdlərimlə qurduğum səmimi münasibəti valideynlərlə də qurum. Belə hiss edirəm ki, mən valideynlərlə bu münasibəti qurmağı bacarmışam. Çünki onların mənə olan inamını da, etimadını da, sevgisini də hiss edirəm. Bu hiss, bu dəyər işimə daha böyük sevgi ilə, daha çox məsuliyyətlə yanaşmağıma təsir etdiyi kimi, şagirdlərimin də özlərini daha güvənli hiss etməsinə, daha məsuliyyətli yanaşmasına öz töhfəsini verir.
-Uğurlu gənci digərlərindən fərqləndirən əsas keyfiyyətlər hansılardır?
-Uğurlu gənclər məqsədli, qarşısına çıxan çətinlikəri məqsədə doğru gedən yolda bir bəhanə, maneə kimi görməyən, ən kiçik uğursuzluqda, ən adi səhvlərində belə yolu yarıda qoymadan daim irəliyə addımlayan, səhvlərindən nəticə çıxaran, daim inkişaf edənlərdir. Onlar qarşılaşdıqları çətinliklərdən qorxmur, hər uğursuzluğu, hər səhvi bir dərs, bir təcrübə kimi qəbul edənlərdir.
-Bir müəllim bir gəncin həyatında hansı rolu oynamalıdır?
-Bu günün müəllimi gənclərə yalnız bilik ötürən deyil, həm də onların içindəki gücü, potensialı üzə çıxaran, onları kəşf edən, onları doğru istiqamətləndirən, hər an – həm səhvlərində, həm doğrularında onlara dəstək olan biri olmalıdır. Müəllim gənclərin həyatında, yolunda bir işıqdır.
-Gənclərə Gənclər Günü münasibətilə mesajınız nədir?
-İlk növbədə, hər kəs öz yolunu seçsin. Bu yol hamının getdiyi yox, sırf özlərinə məxsus bir yol olsun. Bu yol, əlbəttə ki, düz, hamar, maneəsiz olmayacaq. Amma hər bir halda, geriyə baxmadan, müdaxilələrə fikir vermədən daim inamla, cəsarətlə irəli addımlasınlar. Xəyallarından, arzularından vaz keçməyib onları reallaşdırmaqdan qorxmasınlar. Çünki çətinliklər, maneələr daha da inkişaf etmək, özünü, öz yolunu tapmaq üçün bir fürsətdir. Yolun sonunda təkcə uğur yox, həm də özlərini yenidən qazanmış olacaqlar.













