Rza Ağapur: Platformanın əsas məqsədi müxtəlif qüvvələri bir araya gətirmək, koordinasiyanı təmin etmək və gələcəkdə vahid Ali Şuranın yaradılmasına zəmin hazırlamaqdır
BAYRAQDAR MEDİA – Bu gün Yaxın Şərqdə həm maraqlı, həm də təhlükəli proseslər baş verir. Xüsusilə ABŞ-İsrail cütlüyü ilə İran arasındakı qarşıdurma hər gün daha gərgin mərhələyə keçir. Bu vəziyyət isə İranın gələcəyi və bu fonda Güney Azərbaycan türklərinin hansı rol oynaya biləcəyi ilə bağlı ciddi suallar doğurur. Bəs, əgər İranda hər hansı bir daxili proseslər baş verərsə və ya İran federallaşarsa, Güney Azərbaycan buna nə dərəcədə hazırdır? Daxildə və xaricdə təşkilatlanma hansı səviyyədədir? Qərb institutları ilə əlaqələr necə inkişaf edə bilər?
Bu və digər suallara Güney Azərbaycan Koordinasiya Platformasının sözçüsü Rza Ağapur ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.
Xocalı soyqırımı məsələsinin İsveç parlamentində gündəmə gətirilməsində iştirak etmişəm
-Reza bəy, öncə özünüz haqqında oxucularımıza nələri demək istərdiniz?
-Adım Reza Ağapurdur, Güney Azərbaycanda isə daha çox Məmmədrza Ağapur kimi tanınıram. Uzun illər mətbuat sahəsində çalışmış, müxtəlif qəzetlərdə fəaliyyət göstərmiş və baş redaktor vəzifəsini icra etmişəm. Yaradıcılıq fəaliyyətim çərçivəsində dörd kitabın müəllifiyəm, eyni zamanda Azərbaycan dili, tarixi və mədəniyyətilə bağlı yüzlərlə məqalə yazmışam. Azərbaycan tarixinin ilkin mərhələləri və görkəmli şəxsiyyətləri haqqında hazırladığım təqvim nəşrində Güney və Quzey Azərbaycandan olan şəxslərin bioqrafiyalarını ilk dəfə sistemli şəkildə bir araya gətirmişəm. 2004-cü ildə Avropada fəaliyyət göstərən CAMOH-da əlaqələr üzrə məsul şəxs kimi çalışmışam. Daha sonra İsveçdə Azərbaycan Federasiyasının sədri seçilmiş, iki il bu vəzifəni icra etmişəm. Bu dövrdə federasiya genişlənərək 40-a yaxın dərnəyi birləşdirən böyük diaspor təşkilatına çevrilmişdir. Sədr olduğum müddətdə bir sıra mühüm təşəbbüslərlə çıxış etmişəm. Xüsusilə, 2008-ci illərdə Xocalı soyqırımı məsələsinin İsveç parlamentində gündəmə gətirilməsində iştirak etmişəm. Həmçinin, Zəngəzur dəhlizi mövzusunun beynəlxalq səviyyədə müzakirəyə çıxarılması istiqamətində təşəbbüslər irəli sürmüş, diplomatlar və siyasətçilərlə birgə müxtəlif yazı və müzakirələr təşkil etmişik. Bu çərçivədə bir diplomatın məsələni ilk dəfə açıq şəkildə səsləndirməsi Agenda Nexus platformasında baş verib.
COP29 ilə bağlı fəaliyyətlərimiz də diqqətəlayiq olub
COP29 ilə bağlı fəaliyyətlərimiz də diqqətəlayiq olub. Həmin vaxt boykot çağırışlarına baxmayaraq, İsveçdə bir qrup millət vəkilini bir araya gətirərək Bakıda keçirilən COP29-un əhəmiyyətini müsbət müstəvidə müzakirə etmişik. Bu müzakirələrdə Azərbaycanın enerji təhlükəsizliyindəki rolu və regional əhəmiyyəti geniş şəkildə təqdim olunub. Ümumilikdə strateji mövzularda 80-ə yaxın məqalənin müəllifiyəm.

Güney Azərbaycanda dörd kitab, İsveçdə isə daha çox pedaqoji və ədəbi istiqamətli dörd kitab nəşr etdirmişəm. Akademik fəaliyyətim çərçivəsində Uppsala Universitetilə (Uppsala Conflict Data Program (UCDP) Department of Peace and Conflict Research, Uppsala University) əməkdaşlıq edir, burada qorunan Azərbaycan tarixi ilə bağlı qədim əlyazmaların tədqiqi üzərində işləyirik. Bu əlyazmalar Azərbaycan türkcəsində, lakin fərqli əlifba ilə yazılıb və mühüm elmi əhəmiyyət daşıyır. Eyni zamanda İsveçin qədim yazı sistemləri, xüsusilə runik işarələr üzərində də araşdırmalar aparmışıq. Vesteros şəhərində yerləşən qədim abidələr üzərində tədqiqatlar zamanı şamanizm və qədim inancların izlərinə dair maraqlı nəticələr əldə etmişik.

Bütün fəaliyyətlərimizin əsas məqsədi Güney Azərbaycan məsələsini daha sistemli şəkildə gündəmə gətirmək və milli təşkilatlanmanı gücləndirməkdir. Uzun illərdir təhsil sahəsində də çalışır, müəllimlik və idarəçilik sahələrində fəaliyyət göstərirəm. Hazırda həm təhsil, həm də ictimai-siyasi fəaliyyətimi davam etdirirəm. Eyni zamanda müxtəlif mövzularda yazılarla ictimai fikir sahəsində aktiv olmuşam. Hazırda Agenda Nexus platformasının baş redaktoru və məsul şəxslərindən biriyəm, bununla yanaşı Nordik Akademiyasının sədrliyini icra edirəm.
Daha sistemli və mərkəzləşdirilmiş bir platformanın yaradılmasına ehtiyac yarandı
-Güney Azərbaycan Koordinasiya Platforması niyə yarandı?
– Əsas yaranış fəlsəfəsi ondan ibarətdir ki, bir neçə il əvvəl müxtəlif İran yönümlü təşkilatlar, o cümlədən Mücahidlər Xalq Təşkilatı kimi qurumlar müəyyən kürd terror qüvvələrlə birləşərək vahid cəbhə formalaşdırmağa çalışdılar. Regionda baş verən hadisələr, xüsusilə ABŞ və İsrail-İran gərginliyi fonunda belə bir təsəvvür formalaşdırılırdı ki, bölgədə yeni siyasi və hərbi proseslər başlaya bilər. Bu proseslər fonunda bəzi qüvvələrin, xüsusilə müəyyən qrupların Güney Azərbaycan əraziləri ilə bağlı qaranlıq planlarının olduğu açıq şəkildə görünürdü. Xüsusilə kürdlərin Urmiya və Sulduz bölgələri ilə bağlı iddiaları və bu ərazilərin başqa adlar altında təqdim olunması ciddi narahatlıq doğururdu. Təəssüf ki, həmin dövrdə bəzi Azərbaycan təşkilatları bu proseslərə strateji yanaşa bilmədi və lazımi koordinasiya təmin olunmadı. Məhz bu boşluğu doldurmaq üçün daha sistemli və mərkəzləşdirilmiş bir platformanın yaradılmasına ehtiyac yarandı. Bu zərurətdən irəli gələrək Güney Azərbaycan Koordinasiya Platforması formalaşdırıldı.
Reallıq ondan ibarətdir ki, 30-35 milyonluq Güney Azərbaycan xalqının səsi hələ də beynəlxalq səviyyədə lazımi şəkildə eşidilmir
-Güney Azərbaycan Koordinasiya Platformasının məqsədi, hədəfi və məramı nədir?
-Platformanın əsas məqsədi müxtəlif qüvvələri bir araya gətirmək, koordinasiyanı təmin etmək və gələcəkdə vahid Ali Şuranın yaradılmasına zəmin hazırlamaqdır. Hazırda Güney Azərbaycan Ali Şurasının yaradılması ərəfəsindəyik. Planlaşdırılır ki, 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə bu qurum rəsmi şəkildə ictimaiyyətə təqdim olunsun. Bu təşkilatın əsas hədəfi Güney Azərbaycanın milli maraqlarını qoruyan, koordinasiyalı və güclü bir ictimai-siyasi mərkəz kimi fəaliyyət göstərməkdir. Eyni zamanda bu təşəbbüsün ən mühüm tərəfi ondan ibarətdir ki, bu proses daxildən gələn bir təşəbbüsə əsaslanır və bu da onun legitimliyini və gücünü artırır.
Bu gün milli hərəkat olaraq biz artıq təşkilatlanma və milli iradənin tətbiqi mərhələsinə qədəm qoymuşuq. Lakin reallıq ondan ibarətdir ki, 30-35 milyonluq Güney Azərbaycan xalqının səsi hələ də beynəlxalq səviyyədə lazımi şəkildə eşidilmir və tələblərimiz keyfiyyətcə tanınmır.
Məqsəd Güney Azərbaycanın siyasi və milli məsələlərini daha sistemli şəkildə dünya gündəminə çıxarmaqdır
-Reza bəy, bu məqamın üzərində xüsusi dayanaq. Niyə 30-35 milyonluq Güney Azərbaycan xalqının səsi hələ də beynəlxalq səviyyədə kifayət qədər eşidilmir?
-Bu gün görürük ki, İranda sayca daha kiçik xalqlar – məsələn, beluclar və kürdlər – artıq Avropa Parlamenti və digər beynəlxalq platformalarda dinlənilir. Halbuki daha böyük demoqrafik gücə malik Güney Azərbaycan bu səviyyədə yetərincə təmsil olunmur. Bunun səbəbini yalnız kənarda axtarmaq düzgün deyil. Əsas problemlərdən biri bizim, yən Güney Azərbaycanın öz fəaliyyətimizlə bağlıdır. Açıq demək lazımdır ki, biz həm meydan, həm də diplomatik sahədə kifayət qədər sistemli və davamlı ola bilməmişik. Avropa siyasi dairələri bizim sayımızı və tarixi kimliyimizi bilir, lakin təşkilatlanma səviyyəmiz və real siyasi potensialımızla bağlı tərəddüdlər mövcuddur. Bu səbəbdən əsas prioritet diplomatik fəaliyyətin gücləndirilməsi və beynəlxalq görünürlüğün artırılmasıdır. Məqsəd Güney Azərbaycanın siyasi və milli məsələlərini daha sistemli şəkildə dünya gündəminə çıxarmaq və nəticədə aparıcı siyasi institutlar tərəfindən rəsmi tərəf kimi qəbul olunmaqdır.
Bu istiqamətdə Platformanın əsas hədəfi Ali Şuranın yaradılmasıdır. Şura türk milliyyətçiliyi, vətənpərvərlik, istiqlalçılıq və Azərbaycanın bütövlüyü prinsipləri əsasında formalaşacaq və üzvlər bu ortaq mövqe ətrafında birləşəcək. Qeyd edim ki, cəmi iki ay əvvəl formalaşmağımıza baxmayaraq, artıq mühüm nəticələr əldə etmişik. İlk dəfə olaraq Avropa İttifaqı müraciətimizə cavab verərək Güney Azərbaycan, xüsusilə Urmiya bölgəsi ilə bağlı məsələləri gündəliyinə daxil edib. Bu, ciddi və əhəmiyyətli bir addımdır. Hazırda Ali Şuranın formalaşdırılması prosesi davam edir və tamamlandıqdan sonra fəaliyyətimiz daha da genişlənəcək. Planımız beynəlxalq təşkilatlar, Avropa İttifaqı, Ərəb Liqası və xüsusilə Türk dünyası, o cümlədən Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı gücləndirməkdir.
Quzey Azərbaycanda mövcud olan dövlət yalnız həmin coğrafiyanın deyil, ümumilikdə dünya azərbaycanlılarının dövlətidir
-Hazırda Güneyin Quzeydən gözləntiləri nədir?
-Biz Quzey Azərbaycandakı mövcud geosiyasi reallıqları da tam şəkildə anlayırıq. Regionda Rusiya və İran kimi güclü dövlətlərin mövcudluğu, həmçinin İkinci Qarabağ müharibəsi sonrası yaranmış həssas vəziyyət bu məsələlərə daha ehtiyatlı yanaşmağı zəruri edir. Bununla belə, bizim yanaşmamız aydındır: Quzey Azərbaycanda mövcud olan dövlət yalnız həmin coğrafiyanın deyil, ümumilikdə dünya azərbaycanlılarının dövlətidir. Bu fikir dəfələrlə dövlət rəhbərliyi səviyyəsində də ifadə olunub və biz də bu yanaşmanı bölüşürük. Bizim əsas gözləntimiz emosional yanaşmadan uzaq, daha çox real və praktik əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Xüsusilə, beynəlxalq platformalarda sözümüzü demək üçün müəyyən imkanların yaradılması bizim üçün böyük əhəmiyyət daşıyır. Ən vacib məqamlardan biri isə dövlətçiliyin qorunması məsələsidir. Quzey Azərbaycanın mövcudluğu, onun sabitliyi və inkişafı Güney azərbaycanlılar üçün bir ümid, bir dayaq və bir istiqamət mənbəyidir. Bu gün 50 milyondan çox azərbaycanlı üçün faktiki olaraq mövcud olan yeganə dövlət məhz Azərbaycan Respublikasıdı və onun qorunması strateji əhəmiyyət daşıyır. Tarixi baxımdan biz son 200 ildə parçalanma və itkilərlə üzləşmiş bir millətik. Lakin ilk dəfə olaraq müasir tariximizdə öz torpaqlarımızın bir hissəsini geri qaytara bildik. Bu reallığın qorunması və möhkəmləndirilməsi bizim üçün prinsipial məsələdir.
Eyni zamanda arzu edirik ki, Güney Azərbaycan məsələsi beynəlxalq səviyyədə, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində də müzakirə olunsun. Bununla yanaşı, mövcud siyasi və geosiyasi şərtləri də düzgün qiymətləndirir və proseslərə realist yanaşmanın vacibliyini anlayırıq.
Son 20-30 ildə fəaliyyətimiz əsasən bəyanatlar və aksiyalarla məhdudlaşıb
-Güney Azərbaycan İranın parçalanması və ya federallaşması prosesinə hazırdırmı?
-Hazırkı mərhələdə müharibənin necə nəticələnəcəyini dəqiq demək çətindir və proseslər hələ də qeyri-müəyyən olaraq qalır. ABŞ-da Donald Tramp tərəfindən atəşkəslə bağlı səsləndirilən fikirlər də bunu göstərir. Lakin bir məsələ aydındır: əgər müharibə davam edər və İran daxilində parçalanmaya gətirib çıxararsa, bölgənin ən böyük etnik gücü olan Güney Azərbaycan türkləri həlledici rol oynaya bilər. Biz özümüzü azlıq kimi deyil, 30-35 milyonluq böyük bir toplum kimi görməliyik. Buna baxmayaraq, son 20-30 ildə fəaliyyətimiz əsasən bəyanatlar və aksiyalarla məhdudlaşıb. Halbuki kürdlər, ərəblər və digər xalqlar həm meydanda, həm də diplomatik sahədə daha sistemli fəaliyyət göstəriblər. Problem ondadır ki, bizi görmürlər deyə yox, potensialımıza tam inanmırlar. Bunun əsas səbəbi isə zəif strategiya, təşkilatlanma və koordinasiyadır.
Eyni zamanda reallıq ondan ibarətdir ki, İran daxilində siyasi və hərbi strukturlarda Azərbaycan türklərinin çəkisi kifayət qədər yüksəkdir. Bu potensial düzgün istiqamətləndirilərsə, gələcək proseslərdə ciddi rol oynaya bilər. Tarix də göstərir ki, böyük siyasi dəyişikliklər zamanı sistem daxilində olan kadrlar sonradan milli mövqedən çıxış edə bilirlər.
Xaricdə fəaliyyət göstərən Güney təşkilatlarının bir qismi bu proseslərə hazır deyil
Xaricdə fəaliyyət göstərən Güney təşkilatlarına gəldikdə isə, açıq demək lazımdır ki, onların bir qismi bu proseslərə hazır deyil. Bu da bəzən yanlış mövqelərə səbəb olur. Halbuki daxilidə formalaşan hərəkat milli və istiqlalçı xarakter daşıyır və onun əsas dayağı gənclərdir. Buna görə də strategiya məhz bu daxili dinamika üzərində qurulmalıdır.

Nəticə etibarilə, əsas məsələ potensialın olub-olmaması deyil, onun nə dərəcədə düzgün təşkil olunması və yönləndirilməsidir. Təəssüf ki, bu gün bəzi dairələr elə addımlar atır ki, bu nə milli maraqlara uyğundur, nə də hərəkatın ruhuna. Müxtəlif ziddiyyətli əməkdaşlıqlarla nəticə əldə etmək mümkün deyil. Bizim əsas yolumuz birlik və ortaq strategiyadır. Bu baxımdan yaradılmaqda olan Ali Şura mühüm əhəmiyyət daşıyır. Bu qurum formalaşdıqdan sonra həm regionda, həm də beynəlxalq müstəvidə daha sistemli təmsilçilik təmin oluna bilər. Məqsəd sadəcə bəyanat vermək deyil, Güney Azərbaycan məsələsini real siyasi gündəliyə çevirməkdir.
Ümumilikdə isə demək olar ki, Güney Azərbaycanın həm demoqrafik, həm tarixi, həm də kadr potensialı kifayət qədərdir. İstər müstəqillik, istər federasiya, istərsə də daxili transformasiya ssenarilərində bu potensialdan istifadə etmək mümkündür. Əsas şərt bu gücün düzgün istiqamətləndirilməsi və milli hədəflər ətrafında birləşdirilməsidir. Əgər biz bunu bacarsaq, Güney Azərbaycan məsələsi yalnız regional deyil, beynəlxalq səviyyədə də ciddi siyasi faktora çevriləcək.










İlk şərhi yaza bilərsiniz