BAYRAQDAR MEDİA – Əlini cibinə salıb avtobus kartını çıxardı. Üzünə baxıb durdu, düşündü: “Görəsən içində heç olmasa bir gedişlik pul varmı?”
Vacib bir iş dalınca getməli idi. Amma cibində siçanlar oynayırdı, işdən də qala bilməzdi. Şans məsələsi idi kartda pulun olub-olmaması…
…Köhnə də olsa bir qalstuku vardı. Onu da səliqə ilə köynəyin üzərindən bağlayıb yola düzəldi…
Hələ avtobus dayanacağına bir az piyada getməli idi. Ona görə də yolu qısaltmaq üçün öz-özü ilə danışır, necə edəcəyini qət edirdi…
Düşündü ki, birdən avtobusa minəndə “kartınızda balans yoxdur” eşitsə nə edəcək? Ayıb olacaq axı. Camaat baxacaq ki, bu qalstuklu, üz-gözündən ziyalılıq yağan kişinin bir avtobus pulu belə yox imiş…
“Yox, belə olmaz, utanaram e mən, ayıb olar mənim üçün. Hələ nə qədər adam da məni tanıyacaq yəqin ki. Az qala hər gün televizora çıxıram, camaata ağıl öyrədirəm, xoşbəxt həyatdan danışıram. İndi də adamlar görəcək, xoşbəxtlikdən danışan bu ağıllının heç avtobusa verməyə pulu yox imiş ki”, – deyə qara-qara düşündü.
…Az sonra artıq dayanacaqda idi. Avtobus hələ ki, gözə dəymirdi. Bu anda tanımadığı bir nömrədən zəng gəldi…
O, zəngə cavab verib, “buyurun, eşidirəm” dedi. Xəttin o başındakı cavan oğlanın nəzakətli səsi, “müəllim, bankımız sizin üçün özəl olaraq 3 min 200 manatlıq kredit təklif edir”, dedi…
“Kredit? Mənim hansı günümə yaraşır kredit? Lap alsam belə hansı pulla qaytaracağam bu pulu?” Bu düşüncələrlə tövrünü də dəyişmədən təklifə cavab verdi. Özü də bir az ötkəm, zəhmli səslə. Pulu olmasa da yaxşı danışıq bacarığı, zəhmli və səlis nitqi var idi:
-Siz kimə nə təklif etdiyinizin fərqindəsiniz?
Zəng edən gənc bir qədər duruxaraq, “müəllim, bağışlayın, biz sadəcə kredit təklif edirik”, deyə cavab verdi.
-Axı siz nə ağılla mənim kimi adama belə kredit təklif edirsiniz? Siz heç bilirsinizmi ki, mən bir gündə elə sizin təklif etdiyiniz 3 min 200 manat qədər pul xərcləyirəm? Nə edəcəyəm sizin o qəpik-quruşu?!
-Müəllim, çox xahiş edirəm, bağışlayın, yəqin uyğun adama zəng etməmişəm. Səhv etdiksə, bizi üzrlü sayın.
Zəng edən oğlanın belə nəzakətlə durumu dəyişməyə cəhd göstərməsi onun da ürəyincə oldu və uyğun şəkildə qarşılıq verdi:
-Lütfən, bir daha məni belə zənglərlə narahat etməyin. İşimiz-gücümüz var, hansısa 3 min 200 manata da ehtiyacımız yoxdur. Başa düşürəm, sizə müştəri lazımdır, amma daha mənim kimisinə belə təkliflə yox da.
-Bir daha üzr istəyirəm. Çox sağ olun anlayışınız üçün. Sizi daha narahat etmərik.
Və ardından da telefonun səsi kəsildi…
…Bir anlıq da olsa özünü milyoner zənn etdi adam. Ətrafa göz gəzdirdi. Şəstlə başını qaldırdı, qürurla özünü dikəltdi. “Doğrudan da, niyə axı mənim gündə 3 min 200 yüz deyil, heç olmasa 32 manat, lap elə 3 manat 20 qəpik xərcləməyə imkanım olmasın? Baxanlar da deyir, çox məşhur adamdır, yəqin neçə-neçə villası, bahalı maşınları var. Avtobusa da sadə adam olduğu üçün minir. Xalq adamıdır, xalqla iç-içə olmaq istəyir. Görürsünüz, bu qədər varın-dövlətin içində yenə də adamlığını qoruyur, xalqdan qopmur”, deyə düşündükcə qəddinin əyildiyinin də fərqinə vardı. Az öncəki şəsti, dik duruşu yerini hər zamankı sual işarəsinə bənzər görkəmə vermişdi…
Elə bu düşüncələrə dalmışkən avtobus dayanacağa yaxınlaşdı. Əlini cibinə atıb, “ya bəxt” deyərək avtobusa mindi. Kartı oxuyucuya yaxınlaşdırdı, o təsdiq xəbəri çıxınca gözlərinə işıq gəldi, üzü güldü, bir anın içində dünyanın ən xoşbəxt adamı oldu. Hər şeyi unutdu o anda. Kasıblığı, imkansızlığı, əynindəki paltarın nimdaşlığını. O qədər könlü açıldı ki, kənardan baxanlar onu dünyanın ən xoşbəxt insanı sandılar. Çünki bu ani – bir avtobus gedişinə yetəcək qəpik-quruşun gətirdiyi xoşbəxtlik onun simasını əməlli-başlı işıqlandırmışdı…










İlk şərhi yaza bilərsiniz