Press "Enter" to skip to content

AZAL və Milli Konservatoriyadan Milli Musiqi Gününə həsr olunmuş müsabiqə

AZAL və Milli Konservatoriyadan Milli Musiqi Gününə həsr olunmuş müsabiqə

BAYRAQDAR MEDİA – 18 sentyabr Milli Musiqi Günü münasibətilə Azərbaycan Hava Yolları (AZAL) və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Səmanın ritmi” musiqi müsabiqəsi keçirilib. Layihənin əsas məqsədi AZAL-ın uçuşdaxili musiqilərinin yenilənməsi və aviaşirkətin brend kimliyini əks etdirən unikal instrumental kompozisiyaların hazırlanması olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AZAL-ın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “müsabiqədə Azərbaycan Milli Konservatoriyasının 7 tələbəsi ümumilikdə 21 kompozisiya təqdim edib. Qiymətləndirmənin nəticələrinə əsasən, ən çox xal toplayan üç tələbə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülərək mükafatlandırılıb. Təqdim olunan əsərlər bəstəkarlar və AZAL-ın rəhbər heyətinin üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Həmçinin münsiflər heyətində Azərbaycan Milli Konservatoriyasının “Dirijorluq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova-Talıblı, “Populyar musiqi və caz ifaçılığı” kafedrasının dosenti, Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadə, həmin kafedranın müəllimi, Xalq artisti, caz bəstəkarı Salman Qənbərov, müstəqil ekspert qismində isə Bəstəkarlar İttifaqının nümayəndəsi, Əməkdar artist, bəstəkar Vüqar Camalzadə yer alıblar”.

Daha sonra xəbərdə, “müsabiqə nəticəsində seçilmiş üç kompozisiyanın yaxın aylarda AZAL-ın uçuşlarında sərnişinlərin qarşılanması və yola salınması zamanı, eləcə də uçuşdaxili əyləncə sistemində fon musiqisi kimi səsləndirilməsi nəzərdə tutulur. “Səmanın ritmi” layihəsi gənc musiqiçilərə yaradıcılıq potensiallarını nümayiş etdirmək və əsərlərini daha geniş auditoriyaya çatdırmaq imkanı yaradır. AZAL ilə Azərbaycan Milli Konservatoriyasının əməkdaşlığı çərçivəsində ərsəyə gələn kompozisiyalar sərnişinlərin səyahət təcrübəsinə yeni musiqi çalarları qatacaq” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.