Son yeniləmə: 27 Aprel 2026
Rza Ağapur: Quzey Azərbaycanda mövcud olan dövlət yalnız həmin coğrafiyanın deyil, ümumilikdə dünya azərbaycanlılarının dövlətidir
BAYRAQDAR MEDİA – “Biz Quzey Azərbaycandakı mövcud geosiyasi reallıqları da tam şəkildə anlayırıq. Regionda Rusiya və İran kimi güclü dövlətlərin mövcudluğu, həmçinin İkinci Qarabağ müharibəsi sonrası yaranmış həssas vəziyyət bu məsələlərə daha ehtiyatlı yanaşmağı zəruri edir. Bununla belə, bizim yanaşmamız aydındır: Quzey Azərbaycanda mövcud olan dövlət yalnız həmin coğrafiyanın deyil, ümumilikdə dünya azərbaycanlılarının dövlətidir. Bu fikir dəfələrlə dövlət rəhbərliyi səviyyəsində də ifadə olunub və biz də bu yanaşmanı bölüşürük”.
Bunu BAYRAQDAR MEDİA-ya özl müsahibəsində Güney Azərbaycan Koordinasiya Platformasının sözçüsü Rza Ağapur seyib. Qeyd edək ki, onunla müsahibəni tezliklə oxuculara təqdim edəcəyik.
Güneyin Quzeydən gözləntilərinə gəlincə, Rza Ağapur aşağıdakıları bildirib: “Bizim əsas gözləntimiz emosional yanaşmadan uzaq, daha çox real və praktik əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Xüsusilə, beynəlxalq platformalarda sözümüzü demək üçün müəyyən imkanların yaradılması bizim üçün böyük əhəmiyyət daşıyır. Ən vacib məqamlardan biri isə dövlətçiliyin qorunması məsələsidir. Quzey Azərbaycanın mövcudluğu, onun sabitliyi və inkişafı Güney azərbaycanlılar üçün bir ümid, bir dayaq və bir istiqamət mənbəyidir. Bu gün 50 milyondan çox azərbaycanlı üçün faktiki olaraq mövcud olan yeganə dövlət məhz Azərbaycan Respublikasıdı və onun qorunması strateji əhəmiyyət daşıyır. Tarixi baxımdan biz son 200 ildə parçalanma və itkilərlə üzləşmiş bir millətik. Lakin ilk dəfə olaraq müasir tariximizdə öz torpaqlarımızın bir hissəsini geri qaytara bildik. Bu reallığın qorunması və möhkəmləndirilməsi bizim üçün prinsipial məsələdir”.
“Eyni zamanda arzu edirik ki, Güney Azərbaycan məsələsi beynəlxalq səviyyədə, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində də müzakirə olunsun. Bununla yanaşı, mövcud siyasi və geosiyasi şərtləri də düzgün qiymətləndirir və proseslərə realist yanaşmanın vacibliyini anlayırıq” – deyə o sonda əlavə edib.






İlk şərhi yaza bilərsiniz