Press "Enter" to skip to content

Dədəli lövhələri – 7

Azər HƏSRƏT

Şiə deyildik, amma şiələrə çox hörmətlə yanaşırdıq…

BAYRAQDAR MEDİA – Bizim ailəmiz dindar deyildi. Daha doğrusu, oruc tutmaz, namaz qılmaz, amma “adətdəndir” deyib bəzi dini vacibatları anamız yerinə yetirərdi. Yəni adət kimi.

Yadımdadır, lap balaca idim. Sonbeşik, toppuş bir uşaqdım. Anam hər ay bir manat pulu ayırıb kənara qoyardı. Kənddə Bədircahan adlı hündürboylu, yaşlı olsa da çox gözəl bir xanım vardı. Bir tərəfdən də bizə qohum düşürdü. Molla idi deyilənə görə. Anam hər ay həmin o ayırdığı bir manatı aparıb ona verərdi ki, gəlmiş-keçmişlərimiz üçün yasin oxu.

Bədircahan xala çox əməlisaleh, dürüst, xanım-xatın bir qadındı. Təbii ki, yalnız uşaqlıqdan deyil, sonra – daha böyük olanda da onu görürdüm, evlərinə də çox gedərdik, şəxsiyyətli bir xanım olduğu hər halından özünü göstərirdi.

…Bizim camaat çox da dindar deyildi, amma yenə də adəti üzrə sünni idik. Elə Dədəli camaatı indi də əsasən sünnilərdir. Lakin şiə adətlərinə də çox hörmətlə yanaşardıq, yadımdadır.

Misal üçün, məhərrəmlik başlayanda bizim kənddə heç kim toy eləməzdi. Ki, şiələrə hörmətsizlik olmasın. Yas tutmazdıq, qara bağlamaz, başımıza döyməzdik. Amma kənd sakinləri çalışardı ki, o 40 gün ərzində şadyanalıq etməsinlər…

Bir də qəbir üstünə, ölü yerinə getməyin qaydaları vardı. Onu da yaxşı xatırlayıram. Özəlliklə də xanımlar qəbir üstünə və ya ölü yerinə getməzdən öncə mütləq yuyunar, özünə çəki-düzən verərdi. Belə ziyarətlərdən öncə qadınlar dırnaqlarını kəsərdi, başlarına əsasən kəlağayı və ya tirmə şal örtərək deyilən ziyarəti edərdilər…

Düzdür, o dövrdə ümumiyyətlə qadınlar, lap elə gənc qızlar da başlarını bağlayardılar. Amma indiki kimi ərəb və ya fars üsulunda deyil. Sırf türk-azərbaycanlı üsulunda bağlanardı qadınların başları. İndiki ərəb-fars qara geyimləri ümumiyyətlə yox idi həmin dövrlərdə…

Daha bir maraqlı müşahidəm də evlərin təmizlənməsi ilə bağlıdır. Təbii ki, evlər hər gün təmizlənərdi. Amma bayramlar öncəsi əsaslı təmizlənmə olardı. Bu işi qadınlar edərdi. Xalça-palaz havaya çıxarılar, yaxşıca döyülərdi. Yorğan-döşək də açıq havada havalandırılar, sonra evə daşınardı.

Evin təmizliyi deyəndə, indi müşahidə etmədiyimiz maraqlı və məncə çox sağlam bir durum da vardı. Mütləq hər gecə yatmazdan öncə hamımız evdən çıxarılardıq. Qapı-pəncərə taybatay açılırdı, ev yaxşıca süpürülərdi, sonra yataqlar salınardı. Qış aylarında isə evin xalça-palazı qarlı süpürgə ilə süpürülərdi. O zamanlar qar, indikindən fərqli olaraq tez-tez və çox-çox yağardı…

Bir də Çərkəz dayı vardı o zamanlarda. Molla idi. Amma yaxşı da içən idi. Çox məzəli, kimsəyə zərəri dəyməyən gözəl bir insan idi. Haqq dünyasındadır, yeri behişt olsun.

Bu Çərkəz dayı yasin oxuyub əvəzində pul alardı. Alardı deyəndə, indiki mollalar kimi qiymət oxumazdı, kimsə nəsə versə, alardı. Verməsələr səsini də çıxarmazdı. Hə, bu Çərkəz dayının maraqlı bir xasiyyəti vardı. Quran oxumasının qarşılığında aldığı pulla heç vaxt araq içməzdi. Həmin pulu gətirib evdə çox yaşlı anasına – Nurcahan xalaya verər, əvəzində onun təqaüdündən eyni məbləği alıb araq içərdi. Olduqca komik bir insan idi rəhmətlik. Camaat da onun içdiyini bilirdi, amma heç kimin ağlından keçmirdi ki, onun oxuduğu Qurana şübhə etsin…

Bir də mənim Vələd babam vardı. Lap balaca idim, kişi bizim evdə qalırdı. Anamın atası idi. Yaşlanmışdı, gəzə də bilmirdi. Evimizin ikinci mərtəbəsində dəmir çarpayıda yatardı. Bir əsası da vardı. Mən də gedib onun ayağını dişləyib qaçardım, arxamca qaçacaq halı olmazdı…

Bu Vələd babama nəyə görəsə “məşədi” deyirdilər. Məşədilik də bəllidir ki, şiəliklə bağlıdır. Yəni Məşhədi ziyarət edənlər sonradan “məşədi” olurdu. İş ondadır ki, mənim Vələd babam heç vaxt Məşhədi ziyarət etməmişdi. Həm də sünni olduğumuz üçün bizim nəsildə belə bir vacibat da ola bilməzdi…

Bu “məşədi baba” məsələsini sonrakı illərdə – böyüyəndən sonra anladım. Daha doğrusu, böyüklərimiz izah elədi. Sən demə Vələd babam bir xeyli müddət meşəbəyi işləyib. “Meşəbəyi” sözü də “məşədi” sözünə bənzər olduğu üçün dost-tanış zarafatla buna “məşədi” deyərmiş. Elə onların ağzından biz də Vələd babamıza “məşədi baba” deyərdik…

Yeri gəlmişkən, sovet dönəmində din, əlbəttə ki, yasaqdı. Amma evlərdə, özəlliklə də yaşlılar arasında dinə adət kimi bağlılıq qalırdı. Yəni fanatizm yox idi. Sadəcə olaraq adət idi din. Bizim ailədə də əsasən anamız nisbətən bu adətlərə bağlılığı qoruyurdu. Belədə isə ailəmizdə demək olar ki, sözün həqiqi anlamında dindar heç vaxt olmayıb. Söhbət, əlbəttə ki, indiki nəsildən deyil, o dönəmdən gedir.

Mənim “dindarlığım” da elə bu mühitdən qaynaqlanır. Necə ki, ailəmizdə ərəb adətləri deyil, türk-azərbaycanlı adətləri hakim idi, din məsələsində də o adətlərlə yetişdirilmiş və böyümüşdük. O baxımdan islam dini şəxsən mənim üçün bir ərəb mədəniyyəti örnəyindən başqa bir şey deyil. İslamın şiə məzhəbi isə fars mədəniyyətinin təzahürüdür. O baxımdan həmişə inanmışam ki, sünnilik ərəb, şiəlik isə fars milliyyətçiliyinə xidmət edir. Mənsə fars və ya ərəb olmadığım üçün onların milliyyətçiliyinə xidmət edə bilmərəm. Türkəm, türk milliyyətçisiyəm. Adətlərim də, həyat tərzim də, elə dinim də türklüyümdən qaynaqlanır, başqa cür ola bilməz.

Mission News Theme by Compete Themes.