BAYRAQDAR MEDİA – Dünya üzrə yaşayan hər bir millətin özünəməxsus xarakterik xüsusiyyətləri vardır. Türk millətinin əsas xüsusiyyətlərindən biri isə döyüş qabiliyyətidir. Bəli, türk milləti döyüşkən bir millətdir. Məhz bu xüsusiyyəti sayəsində əsrlər boyu dünya hakimiyyətinə sahib olmuş və dünyanın gedişatına istiqamət vermişdir.
Əsgər üçün vacib olan silah və ondan istifadə bacarığı türk milləti üçün hər zaman mühüm və diqqət edilən məsələlərdən biri olmuşdur. Hətta türklər silahı namus saymış və onu ömürlərinin sonuna qədər qorumuşdurlar.
Türk millətinin ən çox dəyər verdiyi silahlar arasında şübhəsiz ki, yay və oxun müstəsna yeri vardır. Yay və ox demək olar ki türk milləti ilə eyniləşmişdir. Türkün ən böyük dastanlarından biri olan “Oğuz Xan” dastanında belə yay və oxa verilən dəyəri görmək mümkündür. Türk millətinin dünya hakimiyyətinin simvolunun belə qızıl yay və üç gümüş ox şəklində olduğu məlumdur.
Yay və oxa bu qədər dəyər verən bir millət, əlbəttə, ondan yüksək səviyyədə istifadə etməyi də bacarır. Keçmiş tarixçilər və səyyahlar türklərin at üstündə sürətlə gedərkən belə geriyə dönüb ox atdıqlarını və hədəfi vurduqlarını qeyd edirlər. Hətta bu gün bir çox qədim türk abidələrində at üstündə geriyə dönərək ox atan türk döyüşçüsünün təsvirlərinə rast gəlmək mümkündür. Böyük türk dövlətlərindən sayılan Avar imperiyasının bayrağında da at üzərində geriyə ox atan insan təsviri yer almışdır.
Qədim türk dövlətlərindən Səlcuqlu Dövlətinə qədər ata mirası kimi davam edən yay və ox mədəniyyəti, ən yüksək zirvəsinə Osmanlı Dövləti dövründə çatmışdır. Osmanlı dövləti yay və ox mədəniyyətini inkişaf etdirmək və onu müharibələrdə effektiv istifadə etmək üçün xüsusi oxçu dərgahları qurmuşdur. Bunun nəticəsində “kamankeş sicil dəftəri”nə görə Osmanlıda ən uzağa atılan oxun məsafəsi 846 metr olmuşdur ki, bu rekord bu gün də qırılmamışdır. Bundan əlavə, Osmanlı əsgərləri arasında dəqiqədə 25–30 ox atmaq qabiliyyətinə malik olanlar da olmuşdur. Bu nəticələrin əldə olunmasında gələnəksəl türk yayının xüsusi rolu vardır. Osmanlı dövründə yay və ox hazırlanması üçün istifadə olunan ağaclar bəzən 5–10 il saxlanılırdı. Bu günə qədər gəlib çatan 250 illik yay və oxlarda belə millimetr səviyyəsində fərq müşahidə olunmur.
Gələnəksəl türk yayını digər yaylardan fərqləndirən təkcə onun hazırlanma üsulu deyil. Uzun illər aparılan məşqlər və özünəməxsus atış texnikası da onu fərqləndirən mühüm amillərdəndir.
Koroğlunun “tüfəng çıxdı, mərdlik öldü” ifadəsi sanki türk oxçuluğu üçün deyilmiş bir söz kimi səslənir. Atəşli silahların meydana çıxması və geniş yayılması ilə unudulmağa başlayan gələnəksəl türk oxçuluğu bu gün bir idman növü kimi yenidən yaşadılır və getdikcə daha da məşhurlaşır. Hazırda sevindirici haldır ki, türk oxçuluğu artıq Azərbaycanda da yayılaraq inkişaf edir. Bizim üzərimizə düşən vəzifə isə yeni nəsilləri ata mirası olan türk oxçuluğu ilə tanış etmək və bu mirası gələcək nəsillərə ötürməkdir.





