BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi, Türkiyənin Ankara Hacı Bayram Veli Universiteti (AHBVU), Kuzey Kıbrıs Türk Cumhuriyətinin (KKTC), Girne Amerikan Universiteti (GAU), Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Qarabağ Universitetinin (QU) tərəfdaşlığı ilə “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “əvvəlcə Azərbaycan, Türkiyə və KKTC-nin Dövlət himnləri səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Konfransın açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, hazırda müasir dünya dərin transformasiya dövründən keçir: “Qlobal iqtisadi dəyişikliklər, rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin gündəlik həyata təsiri, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və geosiyasi proseslər beynəlxalq münasibətlər sistemini yenidən formalaşdırır. Belə bir şəraitdə elm və təhsil müəssisələrinin məsuliyyəti daha da artmaqdadır. Çünki davamlı inkişafın əsasını məhz bilik, innovasiya və insan kapitalı təşkil edir. Bu baxımdan konfransın mövzusu olduqca aktual və strateji əhəmiyyət daşıyır”. Rektor qeyd edib ki, BDU beynəlxalq əməkdaşlığın inkişafına hər zaman xüsusi önəm verir, universitetlər arasında elmi əlaqələrin gücləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyası BDU-nun prioritet istiqamətlərindəndir”.
Sonra xəbərdə, “Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib ki, türk dünyası sadəcə ortaq keçmişin deyil, həm də ortaq gələcəyin adı kimi reallaşmağa başlayıb: “Türk dünyasının inteqrasiyasının təməl daşı Türkiyə-Azərbaycan qardaşlığıdır. Bu qardaşlıq tarixin, mədəniyyətin, dilin, taleyin və fədakarlığın yoğurduğu, tarixin süzgəcindən və sınaqlarından uğurla keçmiş sarsılmaz bir birlikdir. Türkiyə ilə Azərbaycanın ortaya qoyduğu strateji həmrəylik yalnız iki ölkənin deyil, bütün türk dünyasının inteqrasiyasına nümunə olaraq bu prosesə öncüllük etməkdədir. Prezident Recep Tayyip Erdoğan və Prezident İlham Əliyevin ortaya qoyduğu liderlik sayəsində Ankara ilə Bakı arasındakı əlaqələr tarixin ən yüksək səviyyəsinə çatıb”” deyə qeyd edilir.
Xəbərdə həmçinin diqqətə çatdırılır ki, “Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri, Prof. Hicran Hüseynova, KKTC-nin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner, QU-nun rektoru Şahin Bayramov, GAU-nun rektoru Serdar Yurtsever, ATMU-nun rektoru İlham Mədətov, AHBVU-nun prorektoru Kürşat Göktürk çıxışlarında konfransın Azərbaycan, Türkiyə və KKTC-nin alimlərini bir araya gətirən mühüm platforma olduğunu bildirib, konfransın ortaq elmi tədqiqatlara töhfə verəcəyini bildiriblər. Konfrans işinə “Türk dünyası inteqrasiya” adlı xüsusi panel iclası ilə davam edib. H.Hüseynova, S.Yurtsever, AHBVU-nun professoru Fırat Purtaş məruzə ediblər. Bildirək ki, konfrans bölmələr üzrə fəaliyyət göstərəcək. Mayın 8-də isə konfransın onlayn bölmə iclasları keçiriləcək”.
Beynəlxalq konfrans çərçivəsində iqtisadi inkişaf modelləri, regional inteqrasiya prosesləri, geosiyasi transformasiyalar, rəqəmsal texnologiyalar, innovasiya siyasəti, süni intellektin inkişaf perspektivləri, enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri və müasir beynəlxalq münasibətlər sistemində türk dünyasının rolu kimi aktual mövzular ətrafında elmi müzakirələr aparılacaq.










İlk şərhi yaza bilərsiniz