BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) tərəfindən işğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin keyfiyyətli və ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, ““Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində növbəti səyyar tibbi müayinə aksiyası Xankəndi şəhərində təşkil olunub. Aksiya SN-in Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun mütəxəssislərinin iştirakı ilə həyata keçirilib. Səyyar tibbi aksiya çərçivəsində travmatoloq-ortopedlər, fizioterapevtlər, pediatr və infeksionist həkimlər tərəfindən sakinlər müayinə olunublar. Müayinələr zamanı dayaq-hərəkət sistemi xəstəlikləri, sümük və oynaq patologiyaları, onurğa problemləri, posttravmatik vəziyyətlər, uşaqların sağlamlıq göstəriciləri və infeksion xəstəliklərlə bağlı diaqnostik qiymətləndirmələr aparılıb”.
Sonra xəbərdə, “müayinələr nəticəsində vətəndaşlara sağlamlıq vəziyyətlərinə uyğun fərdi tibbi məsləhətlər verilib, ehtiyac yarandıqda ilkin tibbi yardım göstərilib. Fizioterapevtlər tərəfindən isə reabilitasiya tədbirləri və hərəkət funksiyalarının bərpasına dair tövsiyələr təqdim olunub. Aksiya çərçivəsində 80-ə yaxın Xankəndi sakini müxtəlif ixtisaslar üzrə həkimlərin konsultasiya və tibbi xidmətlərindən yararlanıb. SN tərəfindən həyata keçirilən səyyar tibbi aksiyalar işğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına, ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığın artırılmasına və “Böyük Qayıdış” prosesinin sosial təminat komponentinin gücləndirilməsinə xidmət edir” deyə qeyd edilir.
Bildirək ki, sözügedən Nazirlik bu istiqamətdə səyyar tibbi müayinələrin və sağlam həyat tərzinin təşviqinə yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsini ardıcıl şəkildə davam etdirəcək.






İlk şərhi yaza bilərsiniz