Əkbər Qoşalı: Burada nə müharibənin böyük gurultusu var, nə mötəbər tribunaların səsi
BAYRAQDAR MEDİA – “Tarix – insan çalışmalarını, ictimai münasibətləri və keçmiş hadisələri sistemli şəkildə öyrənən elmdir – bunu bilirik; bəli, onu da bilir və əlavə edirik ki, tarix insan cəmiyyətinin inkişafını, xalqların yaşamını və baş vermiş prosesləri araşdırır. Bu öyrənilənlər – tarixin predmeti ölkələr, xalqlar, cəmiyyətlər miqyasında olduğu kimi, ayrı-ayrı şəxslərin timsalında da təzahür, təcəlli edə, şəkillənə bilir… – Faşizmin qurbanı olmuş əfsanəvi tatar şairi Musa Cəlilin taleyində olduğu kimi…”
Bu fikirlər Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının “Elm və Təhsil” nəşriyyatında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri – “Musa Cəlil ömürlüyü…” kitabına yazdığı ön sözdə öz əksini tapıb.
Əkbər Qoşalı daha sonra qeyd edib ki, “tarix tribunaya çıxmır, hayqırmır, şüar yazmır. Tarix bəzən bir ailə ortamında, iş otağında, bir yazı masasının qırağında, gecəyarısı yarımçıq qalmış bir əlyazmada da yaşaya bilir… Bəzən də sükutla yaşar və danışar tarix – baxarsan, qarşındakı mətn məhz belə bir sükut içində danışan tarixin özü kimi durub qənşərində. Musa Cəlilin taleyi elə bu cürdür: dərinlikdən gələn səs… gurultudan, bəlağətdən uzaq, sədaqətlə ölçülən bir ömür…”
O da vurğulanıb ki, kitabda toplanan mətnlər böyük hadisələrin xronikası olmaq iddiası daşımır; amma böyük hadisələrin insani, mənəvi və etik əsasını göstərir. Burada nə müharibənin böyük gurultusu var, nə mötəbər tribunaların səsi… Burada məsuliyyətin sərrast, amma sakit addımları; zehn-zəhmətin görünməyən tərəfi; yaradıcılığın gündəlik intizamı və ondan da üstün olan ləyaqət var. Musa Cəlil bu mətnlərdə nəinki yalnız şair kimi görünür, bəlkə daha çox dost-yoldaş kimi, ailə başçısı kimi, dost kimi, ictimai məsuliyyət daşıyıcısı, bir sözlə, əsl insan kimi görünür. Oxucu bu kitabda bir insanın ömrünə baxır; ancaq bu ömür təkcə bir fərdin taleyi sayılmamalıdır. Bu, bir dönəmin mənəvi portreti, bir nəslin davranış kodeksi, aydınlara xas məsuliyyətin gündəlik formasıdır. Burada istedad təriflə ölçülmür – ölçü vahidi zəhmətdir; böyüklük isə iddianı bir yana qoyub, sakit və ardıcıl davamlılıqla müəyyən olunur. Musa Cəlilin yaradıcılıq taleyi bunu aydın şəkildə göstərir: onlarla variant, saysız qaralama, “tələsməyən nəşr”, yazının zaman sınağından keçməsi – bütün bunlar poeziyanın həm də əxlaq məsələsi olduğunu xatırladır.
Bu mətnlərin lirizmi səs-küy doğurmur. O, anıların dərinliyindən gələn işıqdır elə bil. Əminə Cəlilin anılarında ailə münasibətləri, gündəlik vərdişlər, dostluqlar, iş rejimi sadəcə bioqrafik detal olmaqdan çıxır, şəxsiyyətin formalaşma mexanizmi kimi təqdim olunur. Oxucu hiss edir ki, yaradıcılıq burada təsadüfi ilhamdan ötə, intizamın nəticəsidir. Yazmaq istirahətdən irəli – məsuliyyətdir; yaşamaq isə necə deyərlər, bir borcdur.
Musa Cəlilin həyatında yaradıcılıq yazı masası ilə məhdudlaşmır. O, düşüncəni insan içində yetişdirir, obrazı küçədə, işdə, söhbətdə tapır, yazını isə yalnız son mərhələ kimi masaya gətirir. Bu kitab göstərir ki, mədəniyyət yalnız əsərlərlə qurulmur – bəlkə daha çox davranışla, münasibətlə, etik mövqe ilə qurulur…
Bir mədəniyyət nə zaman güclü olur? – Mədəni irsə sayğı göstərildikdə, o irs qorunduqda, öyrənildikdə və yaşadıldıqda,
yeni sənət hadisələri yaradıldıqda,
yeni çağırışlara açıq, amma dəyərlərə sədaqətli olduqda…”
Əkbər Qoşalı onu da qeyd edib ki, Musa Cəlilin taleyi bax, elə bu ardıcıllığın canlı örnəyidir. Sözün məsuliyyəti həyatın məsuliyyətindən ayrı deyil. – Onun yaradıcılığı, dostluqları, ictimai fəaliyyəti, hətta əlyazmalarının taleyi belə bizə bunu göstərir: “Tarixi məsuliyyət bax məhz buradadır. Çünki bu kitab yalnız keçmişi anmır – həm də bu günü sorğulayır. Oxucu istər-istəməz özünə sual verir: biz bu cür məsuliyyətli həyat modelindən nə qədər uzaqlaşmışıq? İstedadı tənbəlliklə, yaradıcılığı səs-küylə, dəyəri tanınmışlıqla qarışdırdığımız bir dönəmdə Musa Cəlilin taleyi sanki bir etik ölçü rolunu oynayır.
Asif Ata üslubu ilə desək,
burada qəhrəmanlıq yoxdur – amma dözümlü ləyaqət var;
burada pafos yoxdur – amma dərin sədaqət var;
burada ideal obraz yaradılmır – amma yaddaş üçün dürüst çərçivə qurulur.
Biz bu ön sözü kitabı izah etmək üçün yazmırıq. Məqsəd – oxucunu tələsmədən oxumağa, sətirlərin aralarını da “dinləməy”ə çağırmaqdır. Çünki bu kitab içdən, içdənliklə oxunmağı haqq edir. Çünki yaddaşın yükünü daşıyır. Musa Cəlilin adı isə bu yaddaşın içində, necə deyərlər, sükutla danışan tarix kimi qalır…”






İlk şərhi yaza bilərsiniz