Press "Enter" to skip to content

Azərbaycan mediası bu gün mühüm missiya yerinə yetirir

Dağbəyi İsmayılov

BAYRAQDAR MEDİA – “Azərbaycan mediası bu gün təkcə informasiya yayımı ilə deyil, həm də milli maraqların qorunması, tarixi həqiqətlərin ictimaiyyətə və beynəlxalq aləmə çatdırılması istiqamətində mühüm missiya yerinə yetirir”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov MEDİA-nın Milli Mətbuat Gününə həsr olunan tədbirində çıxışı zamanı deyib.

D.İsmayılov deyib ki, XX əsrin sonlarında nəşrə başlayan “Əkinçi” qəzeti təkcə Azərbaycanda deyil, bütün Qafqazda böyük maraq və əks-səda doğurub: “Görkəmli təbiətşünas alim Həsən bəy Zərdabinin təşəbbüsü ilə başlanan maarifçilik missiyasına dövrün qabaqcıl ziyalıları da qoşulub və onların birgə səyi nəticəsində qəzet qısa zamanda milli oyanışın və maarifçiliyin təbliğ olunduğu mühüm tribunaya çevrilib”.

Dağbəyi İsmayılov vurğulayıb ki, cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” qəzeti ömrü qısa olsa da, Azərbaycan milli mətbuatının tarixində silinməz iz qoyub.

Çıxışda o da qeyd olunub ki, milli mətbuat uzun və şərəfli inkişaf yolu keçərək müxtəlif ictimai-siyasi sınaqlardan uğurla çıxıb və bugünkü inkişaf mərhələsinə çatıb: “Müstəqillik illərində mətbuatın inkişafında Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət daşıyıb. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə söz və mətbuat azadlığının təmin edilməsi, peşəkar medianın formalaşdırılması istiqamətində ardıcıl addımlar atılıb, 1998-ci ildə senzuranın ləğv edilməsi isə milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub”.

D.İsmayılov deyib ki, Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması və medianın inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu gün milli mətbuatımız qlobal informasiya məkanına daha sıx inteqrasiya olunaraq müasir media mühitinin ayrılmaz tərkib hissəsinə çevrilib”.

Çıxışda, həmçinin “Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, operativ və obyektiv məlumatların ictimaiyyətə çatdırılmasında, dezinformasiyaya qarşı mübarizədə və Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynayıb” deyə qeyd olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.