BAYRAQDAR MEDİA – Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində kulinariya üzrə növbəti səkkizinci təlim uğurla keçirilib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, təlim zamanı iştirakçılar şirniyyatçılıq sahəsində praktik biliklərini artıraraq iki növ kurabiyənin hazırlanması texnologiyasını öyrəniblər. Dərs ərzində kurabiyə xəmirinin düzgün hazırlanması, istifadə olunan ərzaqların seçimi, bişirmə qaydaları, formavermə üsulları və şirniyyatların estetik şəkildə təqdim edilməsi barədə ətraflı məlumat verilib.
Praktiki məşğələlər zamanı hər bir iştirakçı hazırlıq prosesində fəal iştirak edərək müxtəlif növ kurabiyələri öz əlləri ilə hazırlayıb və peşəkar tövsiyələr əldə edib. Təlimin əsas məqsədi iştirakçıların kulinariya sahəsində bacarıqlarını inkişaf etdirmək, onların gələcək məşğulluq imkanlarını genişləndirmək və özünüməşğulluğa dəstək verməkdir.
Təlim peşəkar kulinariya mütəxəssisi Xatirə Xudadarovanın rəhbərliyi ilə keçirilib. Layihə çərçivəsində növbəti dərslərdə də iştirakçılar müxtəlif milli və dünya mətbəxinə aid yemək və şirniyyatların hazırlanmasını öyrənəcəklər.
ƏSMİD İctimai Birliyi layihə çərçivəsində həssas sosial qruplardan olan şəxslərin peşə bacarıqlarının artırılması və onların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir.






İlk şərhi yaza bilərsiniz