BAYRAQDAR MEDİA – 21-28 avqust tarixlərində Bakıda baş tutacaq qadın voleybolçular arasında Avropa çempionatı (CEV EuroVolley 2026) çərçivəsində həyata keçirilən könüllülük proqramına qeydiyyat və seçim prosesi uğurla yekunlaşıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Voleybol Federasiyasından daxil olub.
Xəbərdə deyilir ki, “proqrama müraciət edən 2 minə yaxın iştirakçıdan 250-si müsahibə və qiymətləndirmə mərhələlərini uğurla tamamlayaraq turnirin təşkilində könüllü kimi fəaliyyət göstərmək hüququ qazanıb. Seçilmiş könüllülər qarşıdakı günlərdə təlim proqramlarına cəlb ediləcəklər. Təlimlər zamanı iştirakçılar yarışın təşkili, akkreditasiya, media əməliyyatları, protokol, logistika, tamaşaçı xidmətləri, komanda və qonaqlarla ünsiyyət, eləcə də beynəlxalq idman tədbirlərində tətbiq olunan iş prinsipləri barədə nəzəri və praktiki biliklər əldə edəcəklər”.
Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı 21 avqust-6 sentyabr 2026-cı il tarixlərində Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə keçiriləcək. Turnirin Bakıda təşkil olunacaq C qrupunun oyunları isə 21-28 avqust tarixlərində Milli Gimnastika Arenası baş tutacaq.






İlk şərhi yaza bilərsiniz