BAYRAQDAR MEDİA – Ali təhsil müəssisələrinə qəbul üzrə müəyyən komissiyalar üzrə qabiliyyət imtahanları davam edir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 5-ci ixtisas qrupunun teatr, kino və xoreoqrafiya sənəti, musiqi sənəti və təsviri sənət istiqamətləri üzrə qabiliyyət imtahanları artıq yekunlaşıb. İdman istiqamətinin 62-ci (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi, kütləvi sağlamlaşdırıcı idman) və 63-cü (çağırışaqədərki hazırlıq və fiziki tərbiyə müəllimliyi) komissiyaları üzrə imtahanlar da başa çatıb.
Bildirilib ki, 61-ci (məşqçilik) komissiya üzrə fiziki hazırlıq imtahanları yekunlaşıb. Həmin komissiya üzrə ixtisas imtahanlarının isə iyulun 27-dən avqustun 7-dək keçirilməsi nəzərdə tutulur.
Bu gün 61-ci komissiya üzrə Bakı Atıcılıq Mərkəzində Atıcılıq (6101), Bakı Tennis Akademiyasında isə Tennis (6125) ixtisasları üzrə qabiliyyət imtahanları təşkil olunub.
Qeyd olunub ki, ali təhsil müəssisələrinin 1-ci ixtisas qrupu üzrə Memarlıq ixtisasına qabiliyyət imtahanı iyulun 28–30-da, 3-cu ixtisas qrupu üzrə İslamşünaslıq ixtisasına qabiliyyət imtahanı isə iyulun 30-dan avqustun 2-dək keçiriləcək.
Abituriyentlər (subbakalavrlar) qarşıdan gələn qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları ilə bağlı məlumatları “Abituriyent” jurnalının 2026-cı ildə müvafiq istiqamətlər üzrə nəşr olunmuş xüsusi buraxılışlarından əldə edə bilərlər. Qabiliyyət imtahanlarının qrafiki barədə ətraflı məlumat Mərkəzin rəsmi internet səhifəsində yerləşdirilib.






İlk şərhi yaza bilərsiniz