BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanaraq, nüfuzlu universitetlərdə bakalavr dərəcəsi üzrə təhsili alacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “2026/2027-ci tədris ili üçün xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat səviyyəsində təhsil almaq hüququ qazanan 125 nəfərdən 2-si BDU nəzdində “Gənc istedadlar” liseyinin məzunudur. Onlardan Cabir Abbasov dünyanın nüfuzlu reytinq təşkilatı olan QS-in 2027-ci il nəticələri üzrə 2-ci pillədə qərarlaşan “Imperial College London” universitetində (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) “Kimya mühəndisliyi”, Suad Məmmədzadə isə TOP-100-lükdəki “Columbia University”də (ABŞ) “Maliyyə iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili alacaq”.





İlk şərhi yaza bilərsiniz